İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Təhsil Şurasının sədri: “Bu ildən dərsliklər ictimai müzakirəyə veriləcək”

24-02-2016


24.02.2016 / 16:56 xeber –

“Təhsil zamanla ayaqlaşma tələb edən bir prosesdir. Dünənə qədərki proseslər bugünkü proseslərdən geridir. Dünən bir təlim prosesində kiçik bir texniki vasitədən istifadə edirdiksə, natural əyaniliyə üstünlük verirdiksə, indi kompüter daxili hadisələrə, hətta diffuziyaya qədər şagirdlərin qarşısına qoymağa imkan verir. Bu, informasiyanın, elmin, texnikanın inkişafı ilə əlaqədardır. Elm və texnologiya inkişaf etdikcə, informasiya bolluğu yarandıqca təhsil məzmunca zənginləşir, öyrətmə metodları müasirləşir. Amma bu məqamda kadr hazırlığı məsələsi ortaya çıxır. Yeniləşmədə geriyə qalan hər zaman kadr hazırlığı olur”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib.

 

Ə.Ağayev qeyd edib ki, təhsil sistemində ənənəvi metodlarla müasir innovasiyaları birləşdirməklə yüksək nəticələr əldə etmək mümkündür: “Sovet təhsili dünyada qəbul olunan təhsil sistemi olub. Bu gün üzdə olan bütün kadrlarımız həmin təhsilin yetirmələridir. Ənənədən gələn təcrübəni öyrənməklə yeni texnologiyanı tətbiq edərək biz müasir təhsil sistemimizi qurmuşuq. 90-cı illərdən bu günə qədərki tarixə nəzər salsaq, təhsilimizdə xeyli yeniləşmə xarakterli dəyişikliklər var. İlkin dövrdə təhsil qanunu yaradıldı, məktəblər dövlət və özəl olaraq ayrıldı, yeni milli dərsliklər, yeni proqramlar hazırlandı, məktəb tikintisi genişləndirildi. Bu günkü təhsil islahatının yeni mərhələsi əvvəlkilərdən fərqlənir. 2013-cü ildə təsdiq və tətbiq olunmağa başlayan “Təhsilin inkişafı üzrə dövlət strategiyası” inkişafın yeni mərhələsidir. Bu gün müəllimlər, eləcə də direktorlar diaqnostik qiymətləndirmə ilə müəyyənləşdirilir”.

 

Qonaq, dərslik siyasətində də dəyişikliklərə ehtiyac olduğunu bildirib: “Bu ildən etibarən dərsliklər ictimai müzakirəyə veriləcək, fikirlər öyrəniləcək və yalnız bundan sonra çapa veriləcək. Yeni dərsliklər hər zaman tənqid olunub. Çünki bu günə qədər bəzi dərsliklər pedaqoji işdən xəbərsiz müəlliflər tərəfindən nəşr edilirdi. İbtidai siniflərin riyaziyyat dərslikləri bərbad vəziyyətdədir. Dərslik, proqram yazmaq üçün didaktik, pedaqoji, psixoloji, metodikanı bilmək lazımdır”.

 

Professor qeyd edib ki, test üsulu şəffaflıq baxımından üstünlüyə malik olsa da, mənfi təsirləri də az deyil: “Test imtahanları çox qarışıq bir dönəmdə tətbiq olunmağa başladı. O zaman test imtahanları çox yaxşı nəticələr verdi. Proqramlar çətinləşdikcə nəticələrdə də dəyişikliklər müşahidə olunmağa başladı. Müəllimlərin əksəriyyətinin repetitorluğa başlaması da buna təsir göstərdi. Çünki zamanla məktəblər repetitorluqla müqayisədə zəiflədi”.    

mənbə :
lent.az

Azerbaycan Tehsil Şurasının sedri: “Bu ilden derslikler ictimai müzakireye verilecek”