İçeriğe geçmek için "Enter"a basın

Sürücü və qohumlarının döydüyü polislərdən birinin vəziyyəti ağırdır - YENİLƏNİB

24-02-2016


24.02.2016 / 16:50 xeber –

Vüqar Abbasova qapalı kəllə-beyin travması, beyin silkələnməsi, üz və burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, burun qanaxması diaqnozu qoyulub

 

Bakıda sürücü və qohumları tərəfindən döyülən Dövlət  Yol Polisi (DYP) əməkdaşlarından birinin vəziyyəti ağırdır.

 

26 saylı birləşmiş şəhər xəstəxanasından Lent.az-a verilən məlumata görə, yol polisi əməkdaşı Vüqar Abbasov qapalı kəllə beyin travması, beyin silkələnməsi, üz və burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, burun qanaxması diaqnozu ilə dünən axşam xəstəxanaya daxil olub.  Onun vəziyyəti ağır olduğu üçün 3 saylı Şəhər Kliniki Xəstəxanasına göndərilib.

 

Digirə polis əməkdaşı Ceyhun Ağayevə isə başın və sifətin küt travması diaqnozu qoyulub. C.Ağayev öz istəyi ilə evə buraxılıb. 

 

**

16:08

Bakıda sürücü və qohumları Dövlət Yol Polisi (DYP) əməkdaşlarına hücum edərək onlara xəsarət yetirib.

Lent.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, Mərdəkən qəsəbəsi, Qızıl qum yaşayış massivində yaşayan 30 yaşlı Rakif Abdullayev “VAZ 2107” markalı avtomobili idarə edərkən işıqforun qadağanedici siqnalına (qırmızı işıq) əhəmiyyət verməyərək hərəkətinə davam edib.

Həmin vaxt orada xidmətdə olan Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin əməkdaşları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən “VAZ 2107” avtomobilinin sürücüsünə “saxla” əmri verilib. Lakin buna baxmayaraq R.Abdullayev avtomobilin sürətini artıraraq yoluna davam edib.

O, avtomobili yaxınlıqda – yaşadığı evin arxasında saxlayıb. Bundan sonra sürücü Rakif Abdullayev, onun atası, 51 yaşlı Rafiq Abdullayev və qardaşı, 29 yaşlı Gülbala Abdullayev avtomobildən düşərək onlara bir qədər əvvəl “Saxla!” əmri vermiş polis əməkdaşlarına taxta parçası ilə hücum edərək, polislərə ağır xəsarətlər yetiriblər. Polis serjantları 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. C.Ağayev tibbi yardım aldıqdan sonra evə buraxılıb. V.Abbasov isə müalicəsini davam etdirir.

Xuliqanlıq törədən şəxslər Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb, istintaq aparılır.

 

mənbə :
lent.az

Sürücü ve qohumlarının döydüyü polislerden birinin veziyyeti ağırdır – YENİLƏNİB