24.02.2016 / 16:36 xeber –
"Dövlət və siyasət fəlsəfəsi"nə aid yeni kitab çapdan çıxdı
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun iki yeni kitabı çapdan çıxıb.
Lent.az-ın xəbərinə görə, "Dövlət və siyasət fəlsəfəsi" birinci əsərdə dövlət, cəmiyyət, mədəniyyət və siyasət fenomenlərinin qarşılıqlı əsaslarında olan fəlsəfi və elmi məzmun açılır.
Kitabda dövlət və vətəndaş fəlsəfəsinin əsasları şərh edilir, sosial-siyasi təfəkkürün vəhdəti əks olunur, Azərbaycanda dövlət və siyasət fəlsəfəsinin bəzi aspektləri qeyd edilir. Dövlət siyasətinə dair bəzi yeni ideyalar verilir və yeni təkliflər şərh olunur. Şəxslərin dövlət idarəçiliyində rolunun fəlsəfi əsasları ümumiləşdirilir. Hakimiyyət, cəmiyyət və şəxsiyyət anlayışlarının qarşılıqlı vəhdəti fəlsəfi baxımdan izah edilir. Əsər tədqiqatçılar, siyasətçilər və dövlət məmurları üçün nəzərdə tutulur.
"İnsan hüquqları" anlayışı və mövzusu üzrə elmi tədqiqatın əsasları" adlanan ikinci kitab isə tövsiyə xarakterli proqramdır. Əsər tədqiqatçılar, o cümlədən magistrlər və doktorantlar üçün tövsiyə xarakterli stolüstü vəsaitdir. Kitabda insan hüquqları anlayışının formalaşmasının əsasları şərh edilir, qaydalar şəkilində izah olunur, hüquqa aid biliklərin istiqamətləri göstərilir. İnsan hüquqları sahəsində dövlətin vəzifə və funksiyaları, məsuliyyət və öhdəlikləri göstərilir.
Əsərdə tədqiqatçının məqsəd və vəzifələri, funksiyası, tədqiqatın əsas obyekti və istiqamətləri qeyd olunur. Anlayışın fəlsəfi və elmi əsaslarla formalaşması və bu istiqamətdə təhlil üsulları öz əksini tapır. Eyni zamanda İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun, məqsəd və vəzifələri müəyyən olunmaqla, əsas tədqiqat istiqamətləri, bu sahədə İnstitutun təşkilati funksiyası izah olunur. Əsərdə tədqiqatçılar üçün insan hüquqları anlayışı üzrə araşdırılması vacib olan mövzu adları və istiqamətləri tövsiyə olunur. İnsan hüquqlarının məzmununu açmaq üçün bir neçə mövzu adları göstərilir.
Kitab həmçinin insan hüquqları anlayışını öyrənən mütəxəssislər üçün də faydalı ola bilər.
mənbə :
lent.az