İçeriğe geçmek için "Enter"a basın

Sosial yardım almaq üçün e-müraciətlər 15 günə cavablandırılacaq

22-02-2016


22.02.2016 / 12:41 xeber –

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılmış ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) təqdimatı olub.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, nazirliyin fəaliyyət sahələrində keçirilən islahatların mühüm  istiqaməti ünvanlı dövlət sosial yardımı proqramının elektron əsaslar üzərində avtomatlaşdırılmış şəffaf icra mexanizminin, bu yardım növü üçün elektron qaydada müraciət və təyinat sisteminin formalaşdırılmasıdır: “Ötən dövrdə nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə mükəmməl proqram təminatlarına əsaslanan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. “Elektron hökumət” portalı üzərindən qurulan VEMTAS ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsinə, müraciətlərə baxılmasına, yardım təyin olunub-olunmaması barədə qərarın qəbuluna, bununla bağlı müraciət edən şəxsə məlumatın verilməsi prosesinin tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verəcək".

 

Müraciət edən ailələrə aid müvafiq məlumatların elektron qaydada əldə olunması məqsədilə nazirliyin “Elektron hökumət” portalı üzərindən ümumilikdə 20-dən artıq quruma aid informasiya resurslarına çıxış imkanlarının təmin olunacağı nəzərdə tutulur.

 

Nazir bildirib ki, ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və s., habelə bu məqsədlər üçün xüsusi olaraq poçt şöbələrindəki quraşdırılmış infoköşklər vasitəsilə “Elektron hökumət” və ya Nazirliyin “Elektron xidmətlər” portallarındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edə bilərlər: “Bu e-müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək və 15 iş günü müddətində araşdırılaraq elektron qaydada cavablandırılacaq. Həmin ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün lazım gələn arayış və məlumatlar aidiyyəti qurumların informasiya ehtiyatlarından əldə olunacaq. Yəni bu amil sosial yardım təyinatı sahəsində kağız daşıyıcılardan istifadənin tam məhdudlaşdırılmasına səbəb olacaq. Vətəndaşların müraciət zamanı elektron qaydada “Ərizə-bəyannamə”də qeyd etdikləri məlumatlar sistem tərəfindən avtomatlaşdırılmış şəkildə yoxlanılacaq. Əgər uyğunsuzluq aşkar edilməzsə, ailəyə sosial yardımın təyin olunması barədə qərar çıxarılacaq, əks halda sosial yardımın təyin olunmasından imtina ediləcək”.

 

S.Müslümov diqqətə çatdırıb ki, sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə, yardım təyin olunmasından imtina olunması barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcək: “Göründüyü kimi, bu sistem artıq ünvanlı dövlət sosial yardımları üçün müraciətin edilməsi və yardımın təyinatı prosesinin məmur müdaxiləsinin mümkün olmadığı şəraitdə həyata keçirilməsinə, prosesin şəffaf şəraitdə reallaşmasına imkan yaradır. Bu sahədə kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılır və vətəndaşların ünvanlı dövlət sosial yardımı almaqdan ötrü müraciət etmələri üçün müxtəlif qurumlardan sənəd toplamaları praktikası keçmişə çevrilir”.

 

mənbə :
lent.az

Sosial yardım almaq üçün e-müracietler 15 güne cavablandırılacaq