20.02.2016 / 23:45 xeber –
Şahin Bəylərov adam öldürdüyü üçün 10 il müddətinə azadlıqdan məhrum edilib
Bir neçə gün öncə Bakıda yol polisinin avtomobilinin hansı səbəbdən çəkicləndiyi məlum olub.
Böyükşor qəsəbəsində yaşayan Şahin Bəylərov oğlunu idman dərsinə aparandan sonra həmin ərazidə piyada qayıdırmış. Bu zaman yol kənarında dayanan yol polisi maşınını görüb. Özünə məxsus avtomobilin cəriməsi ilə bağlı polis əməkdaşından məlumat almaq istəyib. Yol polislərinə “Sizin maşında kompüter var, bazaya girib ona baxaq” deyə xahiş edib. Həmin an digər sürücüyə protokol yazan polis əməkdaşı bundan imtina edib.
O, eyni istəyi təkrar etdikdə yol polisi ona kobud şəkildə cavab verib. Bu zaman Ş. Bəylərov əsəbiləşərək avtomobili və üzərində quraşdırılmış xüsusi aparatı sındırıb.
Ş.Bəylərovun atasının da psixi problemləri olub, bir neçə il öncə itkin düşüb və hələ də tapılmayıb. Şahin Bəylərov isə bundan öncə məhkumluq həyatı yaşayıb. Adam öldürdüyü üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahinin hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.
Qeyd edək ki, bu gün Nərimanov rayon məhkəməsinin qərarı ilə Şahin Bəylərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
**** 16.35
Bakıda yol polisinin avtomobilinin çəkiclə əzən Şahin Bəylərovla bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış.
Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, Ş.Bəylərov barəsində 3 maddə üzrə cinayət işi açılıb. Onun çəkiclə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzməsi və üzərindən narkotik maddə tapılmasına görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
*****
18 fevral
Daxili İşlər Nazirliyi Yol Patrul Xidməti avtomobilinin müxtəlif hissələrini çəkiclə sındırmış şəxslə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-də saat 14 radələrində Nərimanov rayonunun G.Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.
Ş.Bəylərov Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən saxlanılıb və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
Araşdırma aparılır.
***
10:20
Ötən gün Bakıda yol polisinin avtomobilini çəkiclə əzən şəxs barəsində cinayət işi başlanıb.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə də aşkarlanıb.
Məlumata görə, Ş. Bəylərov hadisəni törədərkən sərxoş olub və polis avtomobilinə 30 min manatdan çox ziyan vurub. Ş. Bəylərov ilkin ifadəsində törətdiyi hadisəni müxtəlif səbəblərlə izah etməyə çalışıb: “Şahin Bəylərov məsuliyyətdən yayınmaq üçün bir-birinə zidd müxtəlif səbəblər göstərib. Belə ki o, ifadələrindən birində yol polisi əməkdaşının onu təhqir etdiyini, məhz bu səbəbdən də onun avtomobilini əzdiyini deyib. Lakin polis əməkdaşı Şahin Bəylərovu ümumiyyətlə, tanımadığını, onların arasında hər hansı bir söhbətin olmadığını bildirib.”
Qeyd olunub ki, Ş. Bəylərovun psixi durumunda problemlərin olduğu qaçılmazdır. Həkim müayinəsindən sonra bu məsələyə də aydınlıq gətiriləcək.
Xatırladaq ki, dünən saat 14.15 radələrində Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.
Hadisəni törədən Ş. Bəylərov saxlanılıb.
mənbə :
lent.az