16.02.2016 / 21:25 xeber –
15 gün öncə Bərdənin Hacallı kəndindən 96 baş qoyunu oğurlayan dəstə yaxalanıb. Bərdə rayon Polis Şöbəsindən APA-nın Qarabağ müxbirinə verilən xəbərə görə, oğurluq edən şəxslərdən biri, heyvan sahibinin qardaşı oğlu Namiq Musayevdir. İstintaqa ifadəsi zamanı Namiq Musayev əmisi oğlu ilə ədavəti olduğunu və bu səbəbdən də əmisinin heyvanlarını oğurladığını deyib. O, əmisinin heyvanlarını Elşən Hidayətzadə və Sərvər Nəcəfov adlı şəxslərlə əlbir olaraq oğurlayıb.
Saxlanılan şəxslər məsuliyyətə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda polis əvvəllər məhkumluğu olmayan dəstə üzvlərinin digər cinayətlərin iştirakçısı olub-olmadığını araşdırır.
Qeyd edək i, Bərdə rayonun Hacallı kənd sakini Famil Musayevə məxsus 96 baş xırdabuynuzlu heyvanı fevralın 3-nə keçən gecə oğurlanıb. Qoyunların bir qismi fevralın 6-da, F. Musayevin tövləsindən təqribən 5 km uzaqlıqda, Ağcabədinin Qaravəlli kəndi ərazisindəki əkin sahəsində tapılıb. Qaravəlli kənd sakini Təzahim Quliyev, sahibsiz qoyunların otladığını görüb polisə məlumat verib. Araşdırma zamanı həmin qoyunların F. Musayevə məxsus olduğu məlum olmuş 57 qoyun sahibinə təhvil verilib. Qoyun aşkarlanan ərazinin yaxınlığında isə yırtıcılar tərəfindən parçalanmış 4 qoyun cəsədi tapılıb.
mənbə :
lent.az