16.02.2016 / 20:02 xeber –
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, anbarın tikintisinə 1986-cı ildə başlanılıb. Lakin vəsait çatışmazlığı üzündən tikinti işləri 1992-ci ildən dayandırılıb. İnşası yarımçıq qalan Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilən və 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və 2005-ci il 14 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na daxil edilib. 2006-cı ildə isə tikinti işlərinə başlanılıb.
Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib. Belə ki, Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanalın və mühafizə dambasının tikintisi həyata keçirilib.
Dövlət başçısı Tovuzçay su anbarını işə salıb.
Sonda xatirə şəkli çəkdirilib.
mənbə :
lent.az