İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev Münhendə Azərbaycana və Ermənistana qiymət verdi

13-02-2016

23:43 xeber – Ermənistan işğal etdiyi beynəlxalq nəzarətdən kənar ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirir.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizi iyirmi ildən artıqdır ki, erməni işğalı altındadır: “İnsanlarımızdan başqa, bundan təbiət də əziyyət çəkir. Beynəlxalq nəzarətdən kənar bu ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirilir. Xüsusilə meşə zolaqları qırılır. Çünki bu ərazi özünün qədim ağacları ilə məşhurdur. Ona görə də, onlar kommersiya məqsədləri üçün qırılır”.

Azərbaycan prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən böyük iqlim təhdidi odur ki, ölkəni su ilə təmin edən çayların əksəriyyəti qonşu ölkələrdən gəlir: “Araz çayı Ermənistan tərəfindən çirklənir və bu da bizim hamımız üçün təhlükədir. Bu çirkləndirməni dayandırmaq barədə müraciətlərə baxmayaraq, Ermənistan bu əməlini davam etdirir. Biz işğalı davam edən ölkə tərəfdən daha çox anlayışın olmasını istərdik. Yanvarda AŞPA Ermənistanın qonşu regionlara su təminatı zamanı problem yaratmasını pisləyən qətnamə qəbul edib. Dağlıq Qarabağın de-fakto Azərbaycanın nəzarətində olduğu zaman orada tikilən su anbarı sivil insanlara problem yaratmaq məqsədləri üçün istifadə edilir. Kür və Araz çaylarından Azərbaycana su təminatı kritikdir. Biz dağlarımızdan Bakıya su boruları çəkmişik. Ona görə də, qonşularımızdan asılılığımız azdır. Lakin yenə də, bu problem olaraq qalır. Ancaq eyni zamanda bizim Xəzər dənizi kimi böyük ehtiyatımız var. Biz Xəzər dənizinin suyundan ilkin olaraq irriqasiya, daha sonra içməli su kimi istifadə edilməsi üçün pilot layihəyə başlamağa hazırıq”.


İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyinə dair “dəyirmi masa”da

Azərbaycan prezidenti bildirib ki, Azərbaycan qazlaşdırma siyasətini davam etdirir: “Bu gün biz elektrik enerjisi üçün qaz və sudan istifadə edirik. Bu bizim töhfəmizdir. Baxmayaraq ki Azərbaycanın Kioto protokolu qarşısında heç bir öhdəlikləri yoxdur. Bizim bu işə sadiqliyimiz böyükdür və müstəqilliyimizin bu illərində gördüyümüz işlər onu göstərir ki, biz bu sahədə etibarlı tərəfdaşıq”.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandan danışıb:
“Azərbaycan müstəqilliyini yenicə qazandığı vaxtlarda onun iqtisadiyyatı bərbad vəziyyətdə idi”.

Onun sözlərinə görə, ölkədə yoxsulluq və durğunluq var idi: “Onda özümüzü dünya xəritəsində görmək üçün biz enerji resurslarından istifadə edərək ölkəni inkişaf etdirməli idik. Ona görə də müstəqilliyimizdən bir neçə il keçdikdən sonra – 1994-cü ildə biz dünyanın nəhəng enerji şirkətlərini ölkəmizə gələrək investisiya yatırmaları üçün dəvət etdik. Həmin vaxt Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin cəlb olunduğu əraziyə çevrildi. Bizim üçün sonra enerji təhlükəsizliyi və enerji siyasəti modernləşmə, şaxələndirmə və infrastruktura investisiya qoymaq üçün yol oldu. Çünki biz neft satışından əldə etdiyimiz gəliri bir fondda topladıq və neft asılılığını azaltmaq üçün infrastruktura yatırdıq. Bu gün diversifikasiya siyasəti nəticəsində bizim ÜDM-in 70 faizi artıq qeyri-neft sektorunun payına düşür. Əlbəttə ki, biz ixrac baxımından neft qiymətlərindən asılıyıq. Neft və qaz ixracı 90 faiz təşkil edir. Hazırda neft və qazdan asılılığı azaltmaq üçün özəlləşdirmə, iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin inkişafı da daxil olmaqla geniş miqyaslı islahatlar aparırıq. Eyni zamanda neft qiymətinin düşməsi bizə texnologiyaya, kənd təsərrüfatına, qeyri-neft sektoruna daha çox yatırım etmək üçün imkanı verdi. Əminəm ki, Azərbaycan yaxın illərdə neft və qaz qiymətlərindən asılılığı tamamilə aradan qaldıracaq. Əvvəl də dediyim kimi, Azərbaycanın post-neft dövrü artıq başlayıb. Ona görə də, biz dünya bazarında tək neft və qaz satan ölkə kimi deyil, başqa məhsullar satan ölkə kimi də özümüzü tapmalıyıq”.

“Əlbəttə neftin qiymətinin düşməsi bizim gəlirlərimizə təsir edəcək. Amma, eyni zamanda, bizi islahatlar keçirməyə daha çox sövq edəcək. Düşünürəm ki, Azərbaycanın gələcək inkişafı neft qiymətlərinin düşməsindən və ya istehsalın həcmindən asılı olmayacaq. Bu gün biz Cənub Qaz Dəhlizi layihəsini həyata keçiririk. Bu 10 minlərlə əlavə iş yerləri yaradacaq. Bu layihə həmçinin Avropaya diversifikasiya imkanı verəcək. Bununla yanaşı, Avropa əlavə təbii qaz həcmi əldə edəcək. Bu layihə, enerji təhlükəsizliyi, nəinki marşrutların, həm də mənbələrin diversifikasiyası, həmçinin istehsalçı, tranzit və idxalçı ölkəyə fayda verəcək layihədir”, deyə dövlət başçısı qeyd edib.

mənbə :
anspress

İlham Əliyev Münhende Azerbaycana ve Ermenistana qiymet verdi