01:10 xeber – Azərbaycanda aktyor və aktrisalar onlara verilən maaşdan narazıdırlar.
Azadlıq.az xəbər verir ki, anspress-in araşdırması nəticəsində məlum oldu ki, aktyorların aldığı maaş 150-300 arasında dəyişir. Elə bu səbəbdən aktyor və aktrisalar teatrlardan daha çox ya seriallara, filmlərə çəkilməyə, ya da dublaj işi, klonluq işi ilə məşğul olmağa meyl göstərirlər. Halbuki, həmin sahədə də onlar o qədər də böyük qonorar almır.
Əməkdar artist Sənubər İsgəndərli deyir ki, bu mövzu aktyor və aktrisaların bu gün ən yaralı yeridir. “Mən Akademik Milli Dram Teatrında çalışıram. Teatrda aktyorlar kateqoriyalara görə maaş alırlar. Məsələn, mənim maaşım 360 manatdır, əməkdar artist olduğum üçün əlavə 60 manat da alıram. Xalq artistləri əlavə 100 manat alır. Prezident mükafatçıları 500 manat alırlar. Amma mən bu siyahıda bu il yoxam”, – deyə Sənubər İsgəndərli bildirdi.
Sənubər İsgəndərli onu da əlavə etdi, iki serialda çəkilib: “Qaynana” və “Dəfnə ağacı”. Ən çox qanararı da “Qaynana” serialından alıb.
Sənubər İsgəndərli – Akademik Milli Dram Teatrının aktrisası
Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynovun fikrincə, Azərbaycandakı mədəniyyət sahəsindəki gəlirləri digər ölkələrin gəlirləri ilə hesablamaq olmaz.
“Xalq artistləri əlavə 100 manat alır. Prezident mükafatçıları 500 manat alırlar”
“Deyirlər ki, Türkiyədə, Rusiyada aktyorlara 50 min, 100 min verilir, amma bizdə az. Türkiyənin əhalisi 70 milyon, Rusiyanınki isə 150 milyondur. Bu da həmin sayda tamaşaçı deməkdir. Biz də isə 10 milyon tamaşaçı var, ona görə də gəlir də az əldə olunur. Əlbəttə, biz də istərdik ki, maaşımız çox olsun. İnşaallah, bizim də filmlər nə vaxt kifayət qədər reklam olunarsa, gəlir çox gələrsə, biz də çox qonorar alarıq”, – deyə əməkdar artist bildirdi.
Şövqi Hüseynov – Gənc Tamaşaçılar teatrının aktyoru
Aktyor Elşən Rüstəmov da maaşların az olmasından gileyləndi: “Mənim maaşın 280 manatdır, əlimə 210 manat gəlir. Əlbəttə, bu, azdır, amma dövlətin verdiyi məbləğ budur. Serial və filmlərdə isə qonorar müxtəlif olur. Bəzən bunu gündəlik, bəzən uzunmüddətli serial olanda aylıq maaş kimi verirlər. Ən çox qonorarım bir filmdən olub, hansı ki, onun sonradan çəkilişləri yarımçıq qalıb. Onda gündə təxminən 500-600 manat qonorar almışam”, – deyə Elşən Rüstəmov vurğuladı.
Elşən Rüstəmov – Gənc Tamaşaçılar teatrının aktyoru
Rejissor Aydın Dadaşov deyir ki, hər bir aktyorun kateqoriyası var və onlar buna görə qonorar alırlar. “Əvvəllər xalq artistləri bir gün çəkilişə, bir gün isə məşqə görə pul alırdı. İndi isə bu sistem dəyişilib. Amma dünya praktikasında belə bir hal var ki, aktyorlar özləri istədikləri qonorarı ortaya qoyurlar”, – deyə rejissor bildirdi.
Aydın Dadaşov – rejissor
Əslində, məqaləni yazmağımızın səbəbi ötən gün ehtiyaclıq ucbatından Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovun böyrəyini satmaq istəməsi olub. Ailədə üç nəfərdən ibarət olan aktyorun dediyinə görə, onun əməkhaqqısı 174 manatdır. Halbuki kirayəyə 190 manat ödəyir. Gənc aktyor əvvəllər seriala, filmə çəkilərək 5-10 manat aldığını və hazırda heç bir yerdən gəlirinin olmamasını qeyd edib.
Cavanşir Məhərrəmov – Bakı Uşaq Teatrının aktyoru
Dünya aktyor və aktrisaların gəlirlərinə nəzər salsaq, öz ölkəmizdəki aktyorların gəlirləri ilə müqayisədə yerlə-göy qədər fərqin olduğunu siz də görə bilərsiniz:
Azərbaycanda kino və teatr sektorunun inkişaf etməməsinin səbələrindən biri aktyorların qonorarının və maaşlarının az olması ilə bağlıdır. Bunun üçün ən önəmlisi ölkədə normal iqtisadi şərtlər gerçəkləşməli, bütün ölkələrdə olduğu kimi, dövlət obyektiv şəkildə isteadadlı kino insanlarına, layihələrinə şərait yaratmalı, prodakşnları dəstəkləməli, serial bazarı çevikləşməli və digər başqa problemlər həll olunmalıdır.
mənbə :
anspress