18:59 xeber – Rusiyanın Müdafiə Nazirliyinin rəsmi telekanalı “Zvezda”nın reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim etməsi Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycanla iqtisadi-siyasi əlaqələrdə tərəfdaş ölkələrdən sayılan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində həmsədr ölkə kimi üzərinə vəzifə götürən Rusiyada məhz Azərbaycanın işğal olunmuş ərazisinin müstəqil respublika kimi təqdimatı yolverilməz sayılır.
Millət vəkili, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bu faktın baş verməsini olduqca mənfi qiymətləndirdi. Onun sözlərinə görə, Rusiyanın rəsmi telekanalının belə bir səhvə yol verməsi qəbuledilməzdir:
“Rusiya tərəfindən belə bir addımın atılması onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə kökündən ziddir. Hesab edirəm, Rusiya tərəfi belə bir yanlışlığa necə yol verilməsini araşdırmalıdır. Azərbaycan ictimaiyyətinin də belə məsələlərdə reaksiyası vacibdir. Çünki ölkənin ərazi bütövlüyü ilə bağlı yalan, böhtan xarakterli məlumatların yayılmasında heç bir güzəştə gedilə bilməz”,- deyə millət vəkili qeyd edib.
Aydın Mirzəzadə bildirib ki, tezliklə Rusiya bu məsələyə aydınlıq gətirib üzr istəməlidir.
Aydın Mirzəzadə – millət vəkili
Artıq Xarici İşlər Nazirliyi də məsələyə rəsmi münasibətini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Rusiyanın rəsmi telekanalında yayımlanan reportajda Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi təəssüf və narahatlıq doğurur.
“Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən sözügedən məsələ ilə əlaqədar narazılıq “Zvezda” teleradio şirkətinin rəhbərliyinə çatdırılacaq və bu yanlışlığın aradan qaldırılması üçün tədbirlər görüləcək. Rusiya Federasiyası Silahlı Qüvvələrinin teleradio şirkəti olan “Zvezda”nı Azərbaycan və Rusiya arasında olan dostluq və strateji tərəfdaşlıq əlaqələrini və həmçinin, ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində oynadığı rolunu nəzərə alaraq, gələcək fəaliyyətində Azərbaycan üçün həssas olan bu kimi məqamlara xüsusi diqqətlə yanaşmağa çağırırıq”,- deyə Hikmət Hacıyev bəyan edib.
Hikmət Hacıyev – XİN-in mətbuat xidmətinin rəhbəri
Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvezda” telekanalının saytında yanvarın 28-də yerləşdirilmiş Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Artsax Respublikasının – Dağlıq Qarabağ Respublikasının rəhbəri kimi təqdim olunub.
Dağlıq Qarabağın müstəqil respublika kimi göstərildiyi reportajın mətni
2014-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda hərbi təlim zamanı mövqelərimizi pozan Ermənistana məxsus Mi-24 tipli helikopter məhv edildiyi zaman isə Türkiyənin tanınmış telekanalı “CNN Türk” də siyasi səhvə yol vermişdi. Telekanal Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin vurulmasını “Dağlıq Qarabağ Ordusuna aid helikopter”in vurulması kimi təqdim etmişdi. Növbəti gün isə telekanal səhvini düzəldərək helikopterin Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus olduğunu bildirmişdi.
CNN Turk kanalında yayımlanan reportaj
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi Dağlıq Qarabağın ətrafında siyasi oyunlar bitmək bilmir. Hansı ölkə və ya təşkilatda erməniləri dəstəkləyən əllər varsa, mütləq orda qəsdən edilmiş siyasi səhvlər də olur. Amma ərazi bütövlüyü prinsiplərinə ciddi yanaşan Azərbaycan bütün hallarda bu cür neqativ məqamların, yanlışlıqların tezliklə aradan qaldırılmasına və qarşı tərəfin səhvini etiraf edərək düzəltməsinə nail olur.
mənbə :
anspress