18:35 xeber – Dünyanın yenidən baş qaldıran “donuz qripi” virusu ilə mübarizə apardığı bir vaxtda yeni virus sürətlə yayılmağa başlayıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu dəfə dünya Zika virusu ilə üz-üzədir. Braziliyada minlərlə insanı əsirinə çevirən və 21-dən çox ölkədə yayılan virus bir anda dünyanın gündəmini zəbt edib.
Virusun milçək sancması ilə yayıldığı bildirilir. Xüsusilə hamilələr üçün böyük təhlükə mənbəyi olan, virus ana bətnində olan körpələrin beynində kiçilməyə səbəb olur. Çox zaman ölümlə nəticələn, virusun səbəb olduğu xəstəlik “Mikrosefali” (balaca baş) adı ilə tanınır. Bu xəstəliklə doğulan uşaqların başı normaldan 31.5-32 sm daha kiçik olur.
Braziliyada bu vaxta qədər 51 uşağın bu virusdan öldüyü, başı normaldan kiçik olaraq, doğulan uşaqların sayının sentyabrda bu yana 4 minə çatdığı bildirilir. 2014-cü ildə bu rəqəm dünya üzrə 150-dən az olub.
“Mikrosefali” xəstəliyi ilə doğulan uşaq
“The New York Times”ın məlumatına görə, ilk olaraq, 1947-ci ildə Uqandanın Zika meşələrində ortaya çıxan virus Afrika və Asiyada görünürdü. Ancaq ötən ilin may ayından başlayaraq, geniş ərazilərə yayılmağa başlayıb.
Virusa yoluxmağın əlamətləri isə bunlardır:
Yüksək temperatur
Baş ağrısı
Gözlərdə qızarma
Qaytarma
Əzələ və oynaqlarda ağrılar
ABŞ xəstəlik nəzarət və qorunma mərkəzi (CDC) Zika ilə bağlı açıqlamasında virusun yoluxduğu insanlarda əlamətlərin bir həftə ərzində ortaya çıxdığını müəyyən edib.
Hələlik xəstəlikdən qoruyan xüsusi peyvəndi yoxdur. Virusu araşdıran amerikalı alimlər bunun 10 il içərisində mümkün ola biləcəyini deyirlər. Braziliyalı alimlər isə peyvədin tapılması üçün 5 ilin kifayət olduğu qənaətindədirlər.
Hələlik xəstəlikdən qorunmaq üçün milçəklərin olduğu yerlərdən, onların toxunduğu qidalardan uzaq durmaq, qollu geyimlərdən istifadə etmək tövsiyyə edilir.
Milçək sancmasından qorunmaq lazımdır
Dünya Səhiyyə Təşkilatı Çili istisna olmaqla virusun bütün Cənubi Amerikada yayıldığını açıqlayıb.
Bir neçə gün öncə isə bu ölkələrdən birinə səfər edən danimarkalı turistdə də virus aşkarlanıb. Bu hadisədən sonra Avropa ölkələrində də həyəcan başlayıb. Daha sonra Zika İsveçdə hamilə bir qadında da aşkarlandığı bəlli olub.
Dünya ölkələrinin liderləri xəstəliklə mübarizə üçün hərəkətə keçiblər. Belə ki, Braziliyada peyvəndin tapılması üçün xüsusi fond yaradılıb.
ABŞ prezidenti Barak Obama epidemiyanın yayılması riski qarşısında gücləndirilmiş iş aparmağı, müalicə və xəstəliyin qarşısını alma yollarını araşdırmağa başlamağı məsləhət görüb.
Hamilə qadınlara Braziliya, Kolumbiya da daxil olmaqla 10-a yaxın ölkəyə səfərdən çəkinmək xəbərdarlığı edilib.
El Salvador Səhiyyə Siyasəti nazirinin köməkçisi qadınlara iki il müddətinə hamilə qalmaqdan çəkinməyi, ailə planlaşdırması aparmağı məsləhət görüb.
Zika virusunun törətdiyi xəstəlikdən əziyyət çəkən körpə
mənbə :
anspress