İçeriğe geçmek için "Enter"a basın

Rusiyadan gələn azərbaycanlılar qar uçqununa düşdü (YENİLƏNİB, FOTO)

28-01-2016

17:20 xeber – “Rusiyadan Gürcüstan vasitəsilə Azərbaycana gəlmək istəyərkən yolda qar uçqunu nəticəsində çətin vəziyyətə düşən həmyerlilərimizin problemi artıq həll edilib”. Bu barədə ANS PRESS-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin iş qarışıb müvafiq qurumlarla apardığı danışıqlardan sonra hərəkəti məhdudlaşdıran qar artıq yoldan təmizlənib və yolda qalanların hərəkəti bərpa edilib. Hazırda onlar Tiflis istiqamətində hərəkət edirlər.

***Saat 14:10***
Rusiyadan Gürcüstan vasitəsilə Azərbaycana gəlmək istəyərkən yolda qar uçqunu nəticəsində çətin vəziyyətə düşən şəxslərin vəziyyətini Azərbaycanın Gürcüstandakı səfirliyi nəzarətə götürüb.

Bunu ANS PRESS-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirdi.

“Azərbaycanın Gürcüstandakı səfirliyi artıq məsələnin həlli ilə məşğuldur. Belə ki, qonşu dövlətdəki səfirliyimiz artıq yerli hakimiyyət orqanları ilə danışıqlar aparıb. İlkin məlumata görə, yolların sabah açılması gözlənilir. Hazırda səfirliyin konsulluq bölməsi də məsələ ilə məşğuldur və orada qalan sakinlərlə danışıqlar aparılacaq”, – deyə XİN rəsmisi əlavə etdi.

***Saat 12:12***
Rusiyadan Gürcüstan vasitəsilə Azərbaycana gəlmək istəyən həmyerlilərimiz çətin vəziyyətə düşüblər.

Bu barədə ANS PRESS-ə onlar özləri məlumat veriblər. Nəsib Həsənov adlı soydaşımız bildirib ki, yanvar ayının 22-də Azərbaycana gəlmək üçün Rusiya-Gürcüstan sərhədini keçiblər. Lakin qonşu dövlətin Stepançminda rayonu ərazisində hərəkətdə olarkən Kazbek dağında (Mərkəzi Qafqazın şərq hissəsində Rusiya və Gürcüstan sərhədlərində yerləşən dağ) qar uçqunu olub və yol bağlanıb:

“Dağ uçqunundan sonra yolun bir hissəsi – Azərbaycana gələn istiqaməti bağlandı. Yolun tamam bağlanmasından sonra ölkəmizə gələ bilməyəcəyimizi anladıq və düşündük ki, geri qayıdaq, yenidən Rusiya tərəfə keçək. Lakin keçid məntəqəsinə qayıtdıqda bu dəfə də Rusiya-Gürcüstan sərhədinin bu istiqamətdə bağlı olduğunu gördük. Artıq 6 gündür ki, Stepançminda rayonunda qalmışıq. Pulumuz tükənib. Yeməyə, yatmağa pulumuz yoxdur. Çıxılmaz vəziyyətdə qalmışıq. Rayonun polis şöbəsinə də getdik, lakin oradan bizə heç bir kömək edə bilməyəcəklərini dedilər”, – deyə yolda qalanlardan biri olan Nəsib Həsənov bildirib.

Stepançminda rayonunun xəritəsi

Onun sözlərinə görə, hazırda 9 Azərbaycan vətəndaşı onun kimi adıçəkilən rayonda çıxılmaz vəziyyətdədir. Onların arasında qadın və körpə uşaqlar da var. “İmkanımız tükəndiyi üçün gecələr avtomobillərdə qalırıq. Yanacağımız da tükənib. Bank da yoxdur ki, yaxınlarımız pul göndərsinlər. Yollar da bağlıdır deyə qalmışıq ortada. Tək ümidimiz Allahadır”.



Azərbaycanlıların qaldığı ərazi

Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etdik və səfirliyin əməkdaşı Vüsal Məmmədov bildirdi ki, yaxın saatlarda bütün lazımi tədbirlər görüləcək, Gürcüstandakı konsulluq da məsələdən xəbərdar ediləcək.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev də məsələnin araşdırılacağını, bundan sonra müvafiq tədbirlərin görüləcəyini bildirdi.


Həmyerlilərimizi gətirən avtomobil

Məsələni nəzarətdə saxlayırıq…

mənbə :
anspress

Rusiyadan gelen azerbaycanlılar qar uçqununa düşdü (YENİLƏNİB, FOTO)