İçeriğe geçmek için "Enter"a basın

Qışda qazın təzyiqi niyə aşağı düşür? - "Azəriqaz" rəsmisi səbəbi açıqladı

28-01-2016


28.01.2016 / 17:16 xeber –

 

“Respublikanın ərazisində qazlaşma prosesi sürətlə aparılır. Qaz təchizatı bərpa olunur. 2015-də respublika ərazisində 43 kəndə qaz çəkilib. Hazırda demək olar ki, Azərbaycanda əhalinin 90 faizdən çoxu qazla təmin olunur, bu isə 1,8 milyon abonent deməkdir”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Texniki İstismar şöbəsinin rəisi Vaqif Namazov deyib.

 

“Azəriqaz” rəsmisi son zamanlar Bakıda və bölgələrdə evlərə verilən qazın təzyiqinin aşağı olması ilə bağlı şikayətləri də cavablandırıb: “Qış mövsümündə istehlakçılar tərəfindən qaza olan tələbat 2-3 dəfə artır. Bu isə qazın təzyiqinin aşağı düşməsinə səbəb olan amillərdən biridir.  Respublika ərazisində sutka ərzində 31,5 milyon kubmetr qaz istehlak olunur ki, bunun da 16,3 kubmetri təkcə Bakı şəhərinin payına düşür. Abşeron yarımadası ərazisi tam qazlaşdırılıb. Qış mövsümündə qaza olan tələbatın artması bəzi problemlərə səbəb olur. Son vaxtlar “Azəriqaz”ın dispetçer xidmətinin işi avtomatlaşdırılıb və hər bir abonentin şikayəti operativ şəkildə təmin olunur”.

 

Vaqif Namazov qaz sayğaclarının quraşdırılması ilə bağlı narazılıqlara da münasibət bildirib: “Bakı və Abşeron rayonu ərazisində quraşdırılmış sayğacların hamısı “Smart” kart tipli sayğaclardır. Respublikanın digər regionlarında isə mexaniki sayğaclar quraşdırılıb. Belə sayğaclarda ödəniş hər ayın sonunda olur. Təəssüf ki, bəzi rayonlarda ödənişlər tam şəkildə həyata keçirilmir. Bura həm əhali qrupu, həm də müəssisə və təşkilatlar daxildir. Quba, Xaçmaz, Göyçay, İsmayıllı, Kürdəmir və s. rayonlarda ödənişlər tam təmin olunmur. “Smart” kart tipli sayğaclarda ödəniş əvvəlcədən olduğundan, bu, “Azəriqaz” üçün əlverişlidir. Lakin bütün rayonlarda sayğacların “Smart” kart tipli sayğaclarla əvəz olunması bahalı layihədir”.

 

Vaqif Namazov qış aylarında qaz xətlərində qəzaların əvvəlki dövrlərə nisbətən daha çox olduğunu deyib: “Bu gün həm Bakı şəhərində, həm də bütün respublika ərazisində qəza təmir xidməti dispetçer xidməti ilə əlaqəli işləyir. Baş verən qəzalar, qaz kəmərlərində sızmalar, sayğaclarda yaranan nasazlıqlarla bağlı məlumat dispetçer mərkəzi tərəfindən təmir-bərpa xidmətinə ötürülür. Qış mövsümündə qəzaların sayı daha çox olur. Qış mövsümündə yerüstü borular soyuğun təsirindən dartılmaya məruz qalır və borularda çatlar əmələ gəlir. Heç kəs yayda baş verən qəzaların təmirini qışa saxlamaz. Bu, qaz itkisinə səbəb ola bilər, eyni zamanda qəzaların, qaz sızmaların qarşısı vaxtında alınmasa, bədbəxt hadisələrə də səbəb ola bilər. Ona görə də vətəndaşlar qaz xətlərində sızma hiss edən kimi dərhal 104 nömrəsinə zəng edib müştəri xidmətləri şöbəsinə məlumat versinlər. Qış mövsümündə qapı və pəncərələr bağlı olduğundan qaz xətlərində sızmalar daha tez hiss olunur”.

 

“Azəriqaz” rəqsmisi qaz sobalarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmamasından şikayətlənib: ““Azəriqaz” İstehsalat Birliyi tərəfindən kütləvi informasiya vasitələrində sosial çarxlar təqdim edilir, bülletenlər buraxılıb abonentlərə paylanılır, qazdan istifadə qaydaları barədə təlimatlar verilir. Lakin bunlara baxmayaraq, qış mövsümündə qazdan istifadə ilə bağlı qəzaların sayı artır. Bu ondan irəli gəlir ki, biz istifadə etdiyimiz qaza laqeyd münasibət bəsləyirik. Hər bir qaz cihazı olan otaqda nəfəsliklər olmalıdır. Bu nəfəsliklər vaxtaşırı təmizlənmədikdə və ya düzgün quraşdırılmadıqda orada yanma zəif olacaq. Yanma zamanı ayrılan zəhərli qazlar insanların zəhərlənməsinə səbəb olur. Bundan başqa qapılar bayıra açılmalıdır, vanna otaqlarında qapıların aşağısında dəliklər olmalıdır. Tüstü bacaları evlərin damından yarım metr hündürdə olmalıdır. Respublikanın digər hissələri ilə müqayisədə Abşeron yarımadasında küləkli günlərdə zəhərlənmələr daha çox olur. Bunun səbəbi isə tüstü bacalarının düzgün quraşdırılmaması, nəfəsliklərin təmizlənməməsidir”.

Vaqif Namazov ayrı-ayrı rayonlara qaz verilişinin dayandırılmasının təmir işləri ilə əlaqədar olduğunu deyib: “Adətən təmir işləri aparılarkən “Azəriqaz” həmin ərazinin sakinlərinə KİV vasitəsilə xəbərdarlıq edir. Əgər həmin təmir işləri başlamazdan 1 saat, yarım saat əvvəl qaz kəmərlərində olan qaz bağlayıcılar bağlanarsa, sayğac koda düşmür. Sayğacların koda düşən zaman problemin aradan qaldırılması üçün vətəndaşlar hər bir rayonun ərazisindəki xüsusi xidmət sahələrinə müraciət etməlidir. Bu zaman problem mərhələli şəkildə həll olunur. Bir ərazidə koda düşmüş bütün sayğacları qısa müddət ərzində bir neçə nəfər aça bilməz, bu fiziki baxımdan qeyri-mümkündür. Bunun qarşısını almaq üçün əvvəlcədən qazın verilişinin dayandırılacağı barədə xəbərdarlıq edirik, bu isə koda düşmələrin sayını azaldır”.

 

“Azəriqaz” rəsmisi evlərə çəkilən qaz xətlərində sayğacların quraşdırılması prosesinin dövlət tərəfindən pulsuz aparıldığını deyib: “Bəzən insanlar sayğaca görə pul tələb olunduğunu bildirirlər. Bu, yanlış fikirdir. Sayğaclar tam pulsuz quraşdırılır, sadəcə evlərə xətlərin çəkilməsi üçün tələb olunan xərclər abonent tərəfindən ödənilir. Burada standart məbləğdən söhbət getmir, məbləğ ana xətdən evə qədər olan məsafədən asılıdır. Xərclər dedikdə, xəttin çəkilməsi üçün lazım olan borulara, boru bağlayıcılara sərf olunan vəsaitdən söhbət gedir. Yenə də tam əminliklə deyirəm ki, sayğacların quraşdırılması dövlət tərəfindən pulsuz şəkildə həyata keçirilir”. 

 

mənbə :
lent.az

Qışda qazın tezyiqi niye aşağı düşür? – "Azeriqaz" resmisi sebebi açıqladı