17:10 xeber – Son vaxtlar Azərbaycanın xarici ölkədə fəaliyyət göstərən diplomatları ilə bağlı yaşanan xoşagəlməz hadisələr ölkəni xaricdə təmsil edən bu rəsmi şəxslərin işinə diqqətin artırılmasını tələb edir.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, təyin olunduqları ölkələrdə Azərbaycanın maraqlarını təbliğ etməli olan səfir və ya konsulların, eləcə də bu diplomatik korpuslarda çalışan digər əməkdaşların özünü necə təqdim etməsi, yol verdiyi nöqsanlar birbaşa ölkənin adına ləkə gətirir.
Bu baxımdan bəzi politoloqlar diplomatiya sahəsində ciddi islahatların aparılmasını zəruri sayır. Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, hazırda xarici ölkələrdə fəaliyyət göstərən səfir və konsullarımız içərisində həqiqətən aktiv işləyənlərlə yanaşı, fəaliyyətini yalnız göstərişlər üzərində quranları da var.
“Bizim xaricdəki diplomatların bir çoxu təlimat gözləyir ki, onu yerinə yetirsin. Onlar özü də təşəbbüskar olmalı, Azərbaycanın milli, dövlətçilik maraqlarını təmin etmək üçün müxtəlif tədbirlərə əl atmalıdır. İşlədikləri ölkələrin vətəndaş cəmiyyətləri, mətbuat orqanları ilə sıx əlaqə qurmağı bacarmalıdır. Amma təəssüf ki, belə məlumatların yerinə, diplomatlarla bağlı qeyri-qanuni, rüşvət qalmaqallarının şahidi oluruq. Ona görə düşünürəm, Xarici İşlər Nazirliyi bu sahədə islahatlara başlamalı, təcrübəli və savadlı gənclərə yol açmalıdır” deyə politoloq nəzərə çatdırır.
Elxan Şahinoğlu – Politoloq
Elxan Şahinoğlu həmçinin qeyd edir ki, xarici ölkələrə təyin olunan diplomatlar ölkəni təmsil etməyə həqiqətən layiqli, peşəkar və intellektli şəxslər olmalı və bu zaman qohumluq əlaqələrinə deyil, daha çox bu sahədə peşəkarlığı ilə fərqlənən insanlara üstünlük verilməlidir.
Diplomatlarımızın fəaliyyəti ilə bağlı fikir bildirən millət vəkili, politoloq Rasim Musabəyov da hazırda bu sahədə müəyyən qədər neqativ halların mövcudluğunu təəssüflə vurğuladı:
“Düzdür, bizim çox yaxşı işləyən diplomatlarımızla yanaşı, nöqsanlara yol verənlər də var ki, dövlət onlarla bağlı haqlı qərar çıxarır, onlar geri çağırılır. Bütün sahələrdəki kimi diplomatik fəaliyyət sahəsində də müəyyən qüsurlar qeydə alınır. Amma mövcud qanun hər şeyi müəyyənləşdirir, səhvlərin düzəldilməsi üçün işlər görülür” deyə millət vəkili söylədi.
Rasim Musabəyov eyni zamanda geri çağırılan diplomatların ölkədə səmərəli fəaliyyəti üçün onlara uyğun işlə təmin edilməsi məsələsinin də önəmliliyini qeyd etdi.
Rasim Musabəyov – Millət vəkili
Məsələ ilə bağlı münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi ki, Azərbaycanı xarici ölkələrdə yüksək peşəkarlıqla təmsil edən, dövlətin milli maraqlarını qoruyan kifayət sayda diplomatlar çalışır.
“Hər bir dövlət qurumunda olduğu kimi, XİN sistemində də əqidəsinə xilaf çıxan, işində nöqsanlara yol verən şəxslərə təsadüf edilir ki, onlara da qarşı qanunvericiliyə uyğun şəkildə intizam tədbirləri görülür. Amma bir çox hallarda bəzi qərəzli mediyalarda şişirdilmiş və XİN-in işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan məlumatlar verilir. Bu isə qanuni baxımdan yolverilməzdir” deyə Hikmət Hacıyev söylədi.
Hikmət Hacıyev – Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Son vaxtlar azərbaycanlı diplomatların beynəlxalq təşkilatlardakı fəaliyyətində də uğursuzluqlar qeydə alınıb.Avropa Şurası Parlament Assambleyası qış sessiyasında Dağlıq Qarabağla bağlı hesabatın qəbul edilməməsində ATƏT-in Mins qrup həmsədirlərinin rolunun olduğu bildirilsə də ,bunu qurumda Azərbaycanı təmsil edən nümayəndə heyətinin uğursuzluğu kimi də qiymətləndirmək olar.
Yanvarın 27-də isə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Latviyadakı səfiri Elman Hidayət oğlu Zeynalovun və Meksika Birləşmiş Ştatlarında, eyni zamanda, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyən İlqar Yusif oğlu Muxtarovun geri çağırılması haqqında sərəncam imzaladı.
Bundan bir müddət əvvəl isə Elman Zeynalovun ailəsi ilə bağlı qalmaqallı məlumat yayılmışdı. Səfirin xanımı Nəzirə Zeynalova rüşvət verməkdə ittiham edilmişdi.
Diplomatın xanımına qarşı cinayət işinin qaldırılmasına səbəb onun Latviyada sürücülük vəsiqəsini xüsusi kurs keçmədən və digər formal prosedurlara əməl etmədən pulla almağa cəhd göstərməsi olmuşdu. Bu məqsədlə onun Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə sürücülük vəsiqəsini almaq üçün 500 avro təklif etdiyi deyilirdi.
Elman Zeynalovsa həyat yoldaşının sürücülük vəsiqəsini özü aldığını, müfəttişlərə isə 500 yox, 50 avro hədiyyə olaraq verdiyini açıqlamışdı.
Elman Zeynalov – Latviyadan geri çağırılan səfir
2015-ci ildə də xarici ölkələrdə işləyən Azərbaycan diplomatları ilə bağlı qalmaqallı hadisələr yaşanmışdı.
Diplomatların yarıtmaz fəaliyyəti digər ölkələrdə də yaşanır. Məsələn, ötən ilin sonunda BMT-də çıxış edən rusiyalı diplomatların fırıldağı üzə çıxmışdı. Yuri Ştenqel adlı bir blogger 8 il ərzində Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndələrinin çıxışları zamanı eyni mətni oxuduqlarını aşkar etmişdi. Məlum olmuşdu ki, BMT–də çıxış edən Rusiya diplomatları 2008-2015-ci illərdə irqçilik, diskriminasiya və ksenofobiya ilə bağlı nitqlərində demək olar ki, eyni mətnləri çox az dəyişikliklərlə oxuyublar.
Diplomat dövlətin xarici siyasətini, hüquq və maraqlarını xaricdə müdafiə edən təmsilçi olduğundan, o, fəaliyyət göstərdiyi ölkə ilə qarşılıqlı münasibətlərin formalaşmasında mühüm rolu üzərinə götürür. Odur ki, hansısa ölkəyə təyin olunan hər bir səfir və ya konsul öz vəzifəsinə yalnız iş gözü ilə baxmamalı, bütünlükdə bir dövlətin maraqlarına, siyasi məqsədinə xidmət etdiyini dərk etməlidir. Bilməlidir ki, hətta onun yaxın çevrəsində baş verən xırda bir neqativ məqam da dərhal ölkənin imici ilə əlaqələndirilir.
mənbə :
anspress