İçeriğe geçmek için "Enter"a basın

Quba: Bahalaşmaya görə aksiya – FOTO – VİDEO

16-01-2016

qubadaetirazAzadliq.az-ın BBC Azərbaycancaya-ya istinadən verdiyi xəbərə görə, bahalaşma və manatın düşməsi əlaqədar dollarla kreditlərə etiraz edən Quba sakinlərinin aksiyası Daxili Qoşunların xüsusi təyinatlılarının müdaxiləsindən sonra başa çatıb.
Quba sakini BBC Azərbaycancaya bildirib ki, “təxminən 1 saat davam edən etiraz başa çatıb, hazırda küçələrdə gəzişən polisləri görmək olar.”
Günorta saatlarında rayonun avtovağzal ərazisinə toplaşan minə yaxın sakin, digər rayonlarda olduğu kimi, bahalaşma və işsizliyə etiraz edib.
“Əraziyə rayon icra başçısı və yerli hüquq mühafizə orqanları rəhbərləri gəldi. Camaatın fərdi şikayətlərini dinlədi, ümumi problemi də dedi ki, rayonun 5 nəfər ağsaqqalını seçin gəlsin danışaq, həll edək”, sakin bildirib.
Bundan sonra rəsmilər camaatdan “dağılışmalarını” xahiş edib.
“Əhali buna əməl etməyincə əraziyə gələn daxili qoşunların xüsusi təyinatlıları ilə toqquşma başlayıb”, sakin əlavə edib.
Minə yaxın sakini ərazidən “dağıtmaq” üçün Daxili Qoşunların xüsusi maşınları su şırnaqları və bibər qazından istifadə edib.
“Camaatı dağıtmaq üçün əvvəlcə su şırnağını işə saldılar. Arxasınca da bibər qazı atdılar”, sakin rezin güllələrdən hələ istifadə edilmədiyini deyir.

qubadaetiraz2

“Polislərə daş atmaq istəyən bir neçə nəfəri də tutdular”, sakin əlavə edir.
Sakinin sözlərinə görə, etirazçılar heç bir şüar səsləndirməyib, yalnız problemlərinin həllini istəyib.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov məsələ ilə bağlı BBC Azərbaycancanın suallarını cavablandırmaqdan imtina edib.
Çərşənbə axşamından başlayaraq Azərbaycanın müxtəlif bölgələrində qiymət artımı və işsizliyə qarşı etirazlar başlayıb. Siyəzən, Füzuli, Ağcabədi, Ağsu, Lənkəran kimi bölgələrdə əhali problemlərini ifadə ediblər.
Kütləvi aksiyanın daha geniş yayıldığı Siyəzən rayonuna çərşənbə günü Daxili İşlər Nazirliyinin xüsusi qüvvələri yeridilib. BBC Azərbaycancaya danışan rayon sakininin sözlərinə görə, DİN qüvvələrilə aksiya iştirakçıları arasında “toqquşmalar” baş verib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, etirazlarda 55 nəfərin saxlanıldığını bildirib. Məlumata görə, aksiya iştirakçıları ictimai qaydanı “kobud surətdə pozub”, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib.
İnternet video izləmə saytı youtube.com-a yüklənən videoları Azadliq.az sizlərlə paylaşır.

Quba: Bahalaşmaya görə aksiya – FOTO – VİDEO