İçeriğe geçmek için "Enter"a basın

Prezidentdən manat açıqlaması - FOTO

11-01-2016

22:10 xeber – “Neftin qiyməti 3-4 dəfə aşağı düşüb. Manatın məzənnəsi devalvasiyaya uğrayıb. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda deyib.

Qonşu ölkələrdə də milli valyutaların 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğradığını deyən İlham Əliyev bildirib ki, belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi.

“Bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranıb. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıb. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərib. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək”, – deyə prezident bildirib.

İlham Əliyev bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb: “Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”.

Dövlət başçısı vurğulayıb ki, keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni, 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.

Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artıb.

Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir.

Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, onu da deməliyəm ki, 40 min iş yeri bağlanmışdır. Ancaq buna baxmayaraq, 84 min daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Yenə də burada biz müsbət dinamikanı görürük. Ancaq bununla bərabər, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək.

mənbə :
anspress

Prezidentden manat açıqlaması – FOTO