17:19 xeber – Əfqanıstan silahlı qüvvələrinə məxsus Mi-17 helikopteri qəzaya uğrayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, helikopter ölkənin şərq vilayəti olan Loqarda qəzaya uğrayıb. Bu barədə Əfqanıstanın müdafiə naziri Dövlət Vəziri açıqlama verib.
Məlumata görə, qəza nəticəsində 3 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Helikopterin texniki nasaszlıq səbəbindən qəzaya uğradığı ehtimal edilir.
Əfqanıstanda son vaxtlar hərbi helikopter qəzalarının sayı çoxalıb. 2015-ci ilin avqustunda Zabul vilayətində baş verən qəza zamanı 17 nəfər ölmüşdü. Onlardan 12-si hərbçi, 5-i isə ekipaj üzvü idi.
2015-ci ilin oktyabrında isə Əfqanıstanda bir gündə iki hərbi vertolyot qəzası baş vermişdi. Onlardan biri Loqar vilayətindəki Xarvar rayonunda, digəri isə Bamian vilayətində olmuşdu. Həmin qəzalar zamanı isə 2 hərbçi ölmüş, 5 nəfər yaralanmışdı.
Mi-17 hərbi təyinatlı helikopterlər Rusiya istehsallıdır. Əfqanıstan Hərbi Hava Qüvvələrində əsasən bu helikopterlərdən istifadə edilir. Əfqan aviasiya sistemində ümumilikdə 50 Rusiya vertolyotu mövcuddur. Daha 36 vertolyot isə xüsusi təyinatlıların istifadəsindədir.
Mi-17 hərbi helikopteri
mənbə :
anspress