İçeriğe geçmek için "Enter"a basın

MTN-in daha bir generalı tutuldu - FOTO

25-12-2015

20:40 xeber – Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general mayor Elçin Quliyev həbs edilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hazırda Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır.

MTN-də baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.


Elçin Quliyev

Səbail rayon Məhkəməsindən verilən məlumata görə, Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bir müddət öncə Bakı İstintaq Təcridxanasında intihar etmiş sabiq MTN-çi İlqar Əliyev E.Quliyevin müavini olub.


İlqar Əliyev

Xatırladaq ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunub. Oktyabrda həbs olunan İlqar Mustafa oğlu Əliyev Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham olunurdu.

İlqar Əliyevin adı həmçinin jurnalist Pərviz Həşimlinin həbsində hallanırdı. Jurnalist həbsinə görə onu ittiham edirdi.

Polkovnik-leytenant Əliyev İlqar Mustafa oğlu – 2011-ci ilin martında Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Eldar Mahmudov – keçmiş milli təhlükəsizlik naziri

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin bir neçə vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bu il dekabrın 14-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib və onun əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

mənbə :
anspress

MTN-in daha bir generalı tutuldu – FOTO