21:56 xeber – Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaq.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu fikirləri ölkə başçısı İlham Əliyev dekabrın 23-də 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə söyləyib.
Prezident İlham Əliyev əlavə edib: “Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət – bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaq”.
Dövlət başçısı bildirib ki, süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək: “Cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar”.
Dövlət başçısı deyib: “Əlbəttə, iqtisadi amillər, islahatlarla bağlı amillər də mühüm rol oynayacaq. Artıq mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır ki, biz biznes mühitini daha da yaxşılaşdıraq, lazımsız yoxlamaları aradan götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilmişdir”.
“Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir”, – deyə dövlət başçısı bildirib.
Azərbaycan prezidenti Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində manatın devalvasiyası barədə də danışıb: “Neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir”.
mənbə :
anspress