22.12.2015 / 10:58 xeber –
Hazırda onun qardaşının polisdə ifadəsi alınır
Ötən gecə Bakıda baş verən silahlı insidentin əsas iştirakçısının kimliyi müəyyənləşib.
APA-nın əldə etdiyi məlumata görə, hadisənin əsas iştirakçısı, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Fəxrəddin oğludur. Hazırda onun qardaşının polisdə ifadəsi alınır.
M. Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
**
Ötən gecə Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb.
Bakı şəhər ProkurorluğundanAPA-ya verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
03:25
Bakıda restoranda baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində yaralanıb.
İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb. Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və ad günü iştirakçılarına atəş açmağa başlayıb.
***
Bakıda restoranda silahlı insident baş verib.
APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib.
İlkin məlumata görə, restoranın müştəriləri arasında mübahisə yaranıb. Mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tüfəngdən atəş açıb. Nəticədə 4-5 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, əraziyə heç kim buraxılmır.
mənbə :
lent.az