17.12.2008 / 18:35 xeber –
Bakının Suraxanı rayonunda soyğunçuluq və dələduzluqda təqsirləndirilən şəxs həbs edilib.
Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 14-də saat 22:00 radələrində “Şəfa” stadionunun qarşısında naməlum şəxs 1978-ci il təvəllüdlü Rüfət Bəbir oğlu Ağazədənin taksi kimi idarə etdiyi “Fiat” markalı 10-TD-063 dövlət nömrə nişanlı maşınına minib, Bülbülə qəsəbəsinə sürdürüb.
Naməlum şəxs çatarkən 100 ABŞ dolları verib və qalıq pulu istəyib. Sürücü R. Ağazadə isə dolların saxta olduğunu bilərək, ona qaytarıb. Həmin şəxs R. Ağazadənin əlində tutduğu 65 manatı alıb qaçıb.
Suraxanı Rayon Polis İdarəsinin və 31-ci Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Ağazadəyə qarşı soyğunçuluq edən, əvvəllər məhkum olunan 1986-cı il təvəllüdlü Taleh Etibar oğlu Mehdiyevi tutublar.
Araşdırmalar zamanı T.Mehdiyevin həmin gün M. Mustafayev küçəsində 1993-cü il təvəllüdlü Orxan Vüqar oğlu Əhmədova qarşı da dələduzluq etdiyi müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Şəhriyar ƏLİZADƏ
mənbə :
lent.az