17.12.2008 / 16:07 xeber –
MBA proqramı üzrə magistraturaya ixtisasından asılı olmayaraq bütün bakalavrlar sənəd verə bilər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistraturasına MBA və TEMPUS beynəlxalq proqramları üzrə qəbul elan edir. Sənədlərin qəbulu internetlə aparılır. Bakalavr “Bakalavrın elektron ərizəsi” təsdiq etdirmək üçün 2009-cu ilin yanvarın 7-dən 16-dək (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək Sənəd Qəbulu Komissiyasına lazım olan sənədləri təqdim etməlidirlər.
TQDK-dan Lent.az-a bildiriblər ki, qəbul hüququna ali təhsil diplomu olan şəxslər malikdirlər. İkinci magistr təhsili almaq istəyənlər yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər. MBA proqramı üzrə magistraturaya ixtisasından asılı olmayaraq bütün bakalavrlar sənəd verə bilər.
TEMPUS proqramı üzrə ekologiya (metallurgiya), ətraf mühitin mühəndis mühafizəsi, avtomatlaşdırma və informasiya texnikası, elektroenergetika, avtomobil və traktorların elektrik avadanlıqları, kompüter elmləri, informasiya texnologiyasında idarəetmə, informasiya sistemləri, kompüter riyaziyyatı, menecment, biznesin təşkili və idarə edilməsi, enerji menecmenti ixtisas istiqamətlərini bitirən bakalavrlar sənəd verə bilərlər.
Hər bir bakalavr müxtəlif ali məktəblərin 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar imtahanın məzmununu təyin edən eyni bir qəbul proqramına aid olmalıdır. İxtisasların ardıcıllığı bakalavrın özü tərəfindən müəyyənləşdirilir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi nəzərə alınır və bakalavr topladığı ballara əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Qəbul imtahanında bakalavrın məntiqi təfəkkürü, qəbul olunmaq istədiyi ixtisas və xarici dil üzrə bilik səviyyəsi yoxlanılır. Bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 20 və ixtisas üzrə 30 test tapşırığı təqdim olunur. Bakalavrın hər düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Tədrisi ingilis dilində olan ixtisaslara sənəd verən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçə bilərlər.
Müsabiqənin şərtlərinə görə, təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 17-dən, ixtisas üzrə (testdən, suallara yazılı cavabdan) topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 7-dən (tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün ingilis dilindən topladığı bal 16-dan) az olmamalıdır.
Ümumi balı 65-dən çox olan bakalavrların müsabiqəyə buraxılması üçün məntiqi təfəkkür və xarici dil üzrə (tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqə istisna olmaqla) toplanılan ballara qoyulan məhdudiyyətlər götürülür.
Elxan SALAHOV
mənbə :
lent.az