İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan İŞİD-ə qarşı koalisiyaya qoşula bilər

15-12-2015

11:38 xeber – Azərbaycanın “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulmasına dair müzakirələr aparılır.

Bunu ANS PRESS-ə açıqlamasında xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub. H.Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hal-hazırda məsələyə baxılır.

***06:53***

34 islam ölkəsi İŞİD-ə qarşı birləşdi (SİYAHI)

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda 34 İslam ölkəsinin terrorizmə qarşı koalisiyası yaradılıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Səudiyyənin SPA xəbər agentliyi məlumat yayıb.

Koalisiyaya qatılan ölkələrin ortaq açıqlamasında bildirilir ki, koalisiya yer üzündə fitnə və fəsad yaradan, insanları qorxudan və öldürən silahlı terrorçu qruplaşmalara qarşı yaradılıb.

Koalisiyaya qoşulan ölkələr aşağıdakılardır:

“Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən”.

Açıqlamada o da qeyd olunur ki, İndoneziya da daxil olmaqla daha 10 ölkənin koalisiyanı dəstəkləyir.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə qarşı mübarizə aparır. Koalisiyaya üzv ölkələrin Hərbi Hava Qüvvələrinin qırıcıları İŞİD terrorçularını bombardman edir.

Rusiya prezidenti Vladimir Putin də İŞİD terrorçu qruplaşmasına qarşı yeni koalisiya yaradılmasını təklif edib.


İŞİD terrorçu qruplaşmasının silahlıları

İraq müharibəsinin başlamasından qısa bir müddət sonra “Camaat əl-Tövhid vəl-Cihad” adı ilə qurulan İŞİD terror qruplaşması 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək “Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn” (daha çox “İraq Əl-Qaidəsi” adı ilə tanınır) adını götürdü.

2006-cı ilin yanvar ayında “Ceyş ət-Taifa Əl-Mənsur”, “Ceyş Əhli-Sünnə vəl-Camaa”, “Ceyş əl-fatihin”, “Cund əs-Səhabə” kimi kiçik qruplarla birləşən qruplaşma “Mücahidun Şura Konseyi” adını aldı.

İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan “İraq İslam Dövləti” adlı dövlət elan etdi. Bu tarixdən etibarən “Mücahidun Şura Konseyi” adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar “İraq İslam Dövləti” adıyla keçirilməyə başladı.

İŞİD 2014-cü ilin yanvarında müstəqilliyini, 2014-cü ilin iyununda isə yeni xilafət yarandığını elan edib. Terror təşkilatı əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərir.

mənbə :
anspress

Azerbaycan İŞİD-e qarşı koalisiyaya qoşula biler