İçeriğe geçmek için "Enter"a basın

Mühacirət arzusu ilə yaşayan ermənilər - Ermənistandan qaçanların sayı artır - ŞƏRH

19-02-2024

[r32] 2024-02-19 16:56:13- Xeber –
Ermənistandan əhalinin xaricə axını artıq çox ciddi rəqəmlərlə özünü büruzə verir. Hər il ölkəni tərk edən və geri dönməyənlərin sayı durmadan artır. Təsadüfi deyil ki, BMT-nin hesabatlarına əsasən, miqrasiya və təbii artımın ciddi şəkildə azalması səbəbindən 12-17 il sonra Ermənistan əhalisinin sayı 1.5 milyon nəfərə qədər azalacaq. Əgər bu gün erməni dövlətinin rəsmi əhalisi 2.9 milyon nəfərdirsə, növbəti illərdə bu sayın getdikcə ciddi şəkildə azalması qaçılmaz olacaq. Artıq söhbət miqrasiyadan yox, ölkənin depopulyasiyasından gedir. Əgər qlobal orta miqrasiya nisbəti 0.3 faiz ətrafında dövr edirsə, Ermənistanda bu nisbət 30 faizi çoxdan aşıb.
Hələ 2010-cu ildə ABŞ-nin Gallup İnstitutu keçmiş SSRİ respublikaları arasında sosial sorğu keçirib. Məlum olub ki, Ermənistanın hər 1000 nəfərinin 40 faizindən çoxu ölkəni daimi olaraq tərk etməyə, başqa dövlətdə yaşamağa hazırdır. Bu isə sorğunun keçirildiyi respublikalar arasında ən yüksək göstərici sayılır. Rəqəmlərə müraciət etsək, Ermənistan müstəqilliyini əldə etdikdən sonrakı 20 il ərzində 1 milyon 200 min nəfər ölkə ərazisini tərk edib. Bu, əhalinin 33 faizini təşkil edir. Maraqlıdır ki, yaşadığı yeri birdəfəlik tərk edən ermənilər arasında cavanlar və əməkqabiliyyəti olan şəxslər üstünlük təşkil edir. Bu isə erməni dövlətinin həm gənc nəslin azalmasına, həm əməkqabiliyyətli şəxslərin ölkəni tərk etməsinə, həm də təbii artıma mənfi şəkildə təsir etməsi ilə təhlükə yaradır.
Əgər bir neçə il əvvəl əsasən regionlarda, ucqarlarda və sərhədyanı ərazilərdə yaşayan yerli əhali ölkəni tərk edirdisə, bu gün artıq iri şəhərlər və paytaxt İrəvan da ciddi miqrasiya ilə üzləşib. Bu yaxınlarda İrəvan küçələrində aparılan sorğu nəticəsində şəhər sakinlərinin 46 faizi ölkəni birdəfəlik tərk etmək arzusunda olduğunu qeyd edib. Təsadüfi deyil ki, parlamentin iclasında çıxış edən Ermənistanın “Alternativ layihələr” qrupundan olan deputat Elinar Vardanyan da ötən il üçün dəhşətli rəqəmləri açıqlayıb. Məlum olub ki, təkcə 2023-cü ildə 36 min 512 vətəndaş Ermənistan pasportu ilə ölkəni tərk edib və qayıtmayıb. Son 10 ildə isə bu rəqəm 291 min 327 nəfər təşkil edib. Təkcə 2020-ci ildə ölkəni tərk edənlərin sayı 42 min 786 nəfər olub. Son 3 ildə isə turist adı Ermənistanı tərk edən və bir daha geri qayıtmayanların sayı 138 min 24 nəfərdir.

2023-cü ilin sentyabr ayında könüllü şəkildə Qarabağı tərk edənlər Ermənistana üz tutublar. Hələ ötən ilin dekabr ayında “Demokratik konsolidasiya” partiyasının sədri Suren Petrosyan bildirmişdi ki, 17 min qarabağlı artıq Ermənistanı tərk edib. Digər müxalifət nümayəndələri isə rəqəmin 20 mindən çox olduğunu qeyd edirlər və bu rəqəmin ciddi şəkildə artacağını vurğulayıblar. Sosial problemlər, daim hökumət tərəfindən incidilmə, aksiyada iştirak edən azyaşlıların belə həbs edilməsi, sosial müavinətlərin azaldılması, məskunlaşma problemi qarabağlıları ölkəni tərk etməyə vadar edir.
Amerika xəyalı
Əgər yaxın illərə qədər Ermənistanı tərk edərək iş üçün başqa ölkələrə üz tutan ermənilərin 80 faizi Rusiyanı seçirdisə, bu gün Avropa və ABŞ-a köç həvəsində olanların sayı durmadan artır. Yüz minlərlə erməni “Green Card” üçün müraciət edib. ABŞ səfirliyinə daimi yaşamaq üçün müraciət edənlərin sayı 602 min 359 nəfər olub. Bu rəqəm isə qonşu Gürcüstan və Azərbaycandan sözügedən lotereya üçün müraciət edənlərin sayından bir neçə dəfə çoxdur. Bu, mühacirət yox, vətəndaşın kütləvi xarakter daşıyan dövləti rəddetmə qərarıdır.

Səbəblər
Bəs Ermənistanı bu qədər sürətli boşalmaya vadar edən səbəblər nədir? Bir vaxtlar patriotluqları ilə öyünən İrəvan sakinlərinin yarısı niyə ərazini tərk etməyə çalışır? İnsanların ölkənin gələcəyinə əminliyi yoxdur. Sabahla bağlı qeyri-müəyyənlik hər keçən gün artır. Bu gün Ermənistanda ən böyük miqrasiya problemlərindən biri işsizlikdir. Əhalinin cavan təbəqəsi ciddi şəkildə işsizlikdən əziyyət çəkir. Hələ bu da az imiş kimi, sosial ədalətsizlik də sadə erməni vətəndaşını narahat edir. Eyni zamanda müəllim, sərhədçi də aldığı məvacibdən şikayət edir. Çünki Paşinyan hökumətində ən yüksək maaş polis sistemi üçün ayrılır və cari ilin büdcəsindən də hüquq-mühafizə orqanlarının maaşı üçün ciddi şəkildə vəsait ayrılıb. Hökumət hər il işsizliyə qarşı ciddi mübarizə apardığı barədə yalançı rəqəmlər təşkil etsə də, bu gün Ermənistanda rəsmi işsizlik 25 faizi çoxdan ötüb.
Bundan əlavə, miqrasiyanı sürətləndirən siyasi və psixoloji səbəblər də mövcuddur. Məsələn, sorğuda iştirak edənlərin 32 faizi işsizliyə, 30 faizi gələcək perspektivlərini bu ölkədə görmədiklərinə, 20 faizi ədalətsizliyə, 17 faizi isə yaşamaq üçün heç bir şəraitinin olmadığına görə ölkəni tərk etmək niyyətində olduqlarını bildirib. Sorğuya görə, 52 faiz respondent övladlarının Ermənistanda yaşamasının qəti əleyhinə olduğunu qeyd edib.

Nikol Paşinyan

Ölkədə rüşvət və korrupsiya yüksək səviyyələrə çatıb. Hər gün mediada rüşvət və korrupsiyaya bulaşmış məmurların “ifşası” şousu davam edir. Parlamentin spikeri, iqtisadiyyat naziri, müxtəlif hakimlər və icra başçılarının rüşvətə bulaşması ilə bağlı xəbərlər Ermənistanda vəziyyətin nə dərəcədə acınacaqlı olmasından xəbər verir. Eyni zamanda yerli ermənilər məhkəmələrdən də narazıdırlar. Çünki məsələlərin qanuni həllinə nail olmaq mümkün deyil. Addımbaşı rast gəlinən korrupsiya, bürokratiya, rüşvət, telefon zəngi ilə elementar məsələni həll etmə artıq pik həddə çatıb.
Miqrasiya Paşinyanı niyə narahat etmir?
Maraqlıdır ki, bu tip hallar Paşinyan hökumətini zərrə qədər də narahat etmir. Çünki əgər sən yerli əhalini işlə təmin edə bilmirsənsə, onun ölkəni tərk etməsi ən yaxşı haldır. Bu qədər problem və narazılıq fonunda işsizlər ordusunun narazılığı hökumət üçün əlavə başağrısına çevrilə bilər. Müxalifətin daim etirazlar və mitinqlərlə hədələdiyi hökumət üçün narazı təbəqənin etirazlara qoşulması arzuolunan deyil. Eyni zamanda qeyd etmək yerinə düşər ki, ölkədə qalan əhalinin, xüsusən də yaşlıların böyük hissəsi miqrantların hesabına dolanır. Təkcə rəsmi rəqəmlərə görə, hər il 2 milyard dollar Rusiyadan, Avropadan və miqrantların yaşadığı digər ölkələrdən Ermənistana göndərilir. Erməni dövlətinin büdcəsini nəzərə alsaq, bu, çox böyük rəqəmdir. Belə bir gəlir mənbəyindən imtina etmək Paşinyan hökuməti üçün çox çətindir. Bu pullar ölkədəki sosial gərginliyi azaldır. Əks halda bu gərginlik etiraz və şiddətə çevrilə bilər.
Kamil Məmmədov

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Muhaciret arzusu ile yasayan ermeniler – Ermenistandan qacanlarin sayi artir – SERH