İçeriğe geçmek için "Enter"a basın

Seneqal səfiri: Azərbaycanın neft sahəsində təcrübəsini öyrənməyə ehtiyacımız var - MÜSAHİBƏ

19-02-2024

[r32] 2024-02-19 14:20:49- Xeber –
Afrikanın qərbində yerləşən Seneqal dövləti adını qonaqpərvərlikdən götürüb. Azərbaycanda bu ölkə çox tanınmasa da, paytaxtı Dakarla Bakı qardaşlaşdıqdan sonra salınan Dakar meydanı məşhurdur. Elə Dakarın mərkəzi meydanlarından biri də Bakının adını daşıyır.
Seneqalın Azərbaycandakı səfiri Şeyx Qeyen (eyni zamanda ölkəsini Türkiyədə təmsil edir və iqamətgahı Ankarada yerləşir) “Report”un Türkiyə bürosuna müsahibəsində iki ölkə arasındakı əlaqələri daha da genişləndirmək üçün planlarından danışıb. Onunla müsahibəni təqdim edirik:
– Cənab səfir, Seneqal-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz?
– Mən ölkəmin Azərbaycanla yanaşı Türkiyədəki səfiriyəm, iqamətgahım isə Ankarada yerləşir. Azərbaycan mənə Türkiyə qədər doğma təsir bağışlayır. İki ölkə arasında əlaqələrin tarixi keçmişə gedib çıxır. Məsələn, Seneqal və Azərbaycan BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə daim dəstək göstərib. Ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir. Amma mən ölkəmin təmsilçisi olaraq bu əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün bacardığım qədər fəal olmağa çalışıram. Müəyyən təklif və planlarım var.
– Təklif və planlarınız nədən ibarətdir?
– Hesab edirəm ki, ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edə bilər və bunun üçün geniş imkanlar var. Bu mənada səfir olaraq öncə siyasi və diplomatik münasibətlərin daha da çox inkişafı üçün cəhd göstərirəm. Xarici İşlər nazirlikləri səviyyəsində də münasibətlərimizi daha da inkişaf etdirməyə çalışacağıq.
Tədbirlərin birində Azərbaycan və Seneqaldan çox sayda jurnalistlə görüşdüm. Orada bildirdim ki, hər iki ölkənin qarşılıqlı olaraq geniş təbliğinə ehtiyac var və bunun üçün medianın da gücündən yararlanmalıyıq. Bundan başqa, Azərbaycan uzun illərdir ki, neft və qaz sahəsində böyük təcrübəyə malikdir. Seneqalda isə neft yeni aşkarlanıb, yəni, neft hasil edən dövlətlər sırasına yeni qoşulmuşuq. Bu baxımdan Azərbaycanla təcrübə mübadiləsinə ehtiyacımız var. Keçən ay etimadnaməmi Prezident İlham Əliyevə təqdim edərkən bu barədə fikirlərimi söylədim. Dövlət başçısı da bunu razılıqla qarşıladı, hətta neft və enerji sahəsində Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə Seneqaldan olan tələbələrin təhsil almalarının mümkün olduğunu da bildirdi.

Əməkdaşlığımızın digər bir sahəsi də iqtisadi məsələləri əhatə edə bilər. Biznesmenləri iqtisadi əməkdaşlığa cəlb edə və bunun üçün onlara stimul verə bilərik. Eyni zamanda Azərbaycanla Seneqal arasında özəl, ictimai, sosial sahələrdə də əməkdaşlıq qurmamız mümkündür. Məsələn, Seneqalda iş qurmaq çox asandır. Çünki bizim ölkənin yetkililəri xarici sərmayədarların fəaliyyətlərini asanlaşdırır. Biz də azərbaycanlı iş adamlarının ölkəmizə gələrək iş qurmalarında maraqlıyıq. Kənd təsərrüfatı, toxuculuq, sənaye sahələrində iş qura bilərlər. Heç bir maneə yoxdur. Bizdə kənd təsərrüfatında kaju fıstığı əsas istehsal sahələrimizdən biridir. Bu sahədə azərbaycanlı iş adamları qısa müddətdə bizneslərini qura bilərlər. Biz Azərbaycana hansı məhsullar ixrac edə bilərik, bunu da müzakirə edəcəyik.
– Hazırda ölkənizdən Azərbaycana əsasən hansı məhsullar ixrac olunur?
– Hələ ki, Azərbaycan Seneqaldan heç nə almır. Bunun üçün də əməkdaşlığı daha çox inkişaf etdirmək lazımdır. Fikrimcə, hazırda Azərbaycana çox zəkalı bir siyasətçi liderlik edir. Onu da deyim ki, praktik səviyyədə prezidentlərimiz bir çox məsələdə eyni fikirdədirlər.
Məncə, Afrikanın çox ölkəsi Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək istəyər. Fikrimcə, hazırda Azərbaycanda Afrika haqqında kifayət qədər məlumat yoxdur.
– Bakıda məşhur Dakar meydanı var, hələ 1967-ci ildə iki şəhər qardaşlaşıb. Hətta bu qardaşlığın şərəfinə Dakar meydanında fransızca “Cités Unies” (“Qardaşlaşmış şəhərlər”) yazılan abidə də mövcuddur. Azərbaycan Seneqalda necə tanınır?
– Bəli, Bakıda Dakar meydanı olduğu kimi, Dakarda da Bakı meydanı var. Bu yer Dakarda çox məşhurdur. Yenidən təmir də edilib. Hətta bizdə Bakı ilə bağlı abidə də var. Bu, bizim qardaşlığımızın simvoludur. Biz bu qardaşlıq vasitəsilə, hələ sovetlər dönəmindən bir-birimizi tanımışıq. Amma bu əlaqələrimizi daha da inkişaf etdirmək mümkündür. Açığını deyim ki, Afrikada da Azərbaycan haqqında məlumat azdır. Mənim də məqsədim məhz qarşılıqlı olaraq bir-birimizi yaxından tanımaqdır. Bunun üçün də mədəniyyət günləri, dekadalar və sair fəaliyyətlər həyata keçirə bilərik.

– Seneqalla Azərbaycanın turizm sahəsində əlaqələri necədir? Bu sahənin inkişafı və təbliği üçün hansı addımların atılması planlaşdırılır?
– Seneqal bir turizm ölkəsidir. Qonaqpərvərliyimizlə məşhuruq. Hətta Seneqal elə “qonaqpərvər ölkə” deməkdir. Bu, gerbimizin üzərində də əks olunub: Bir xalq, bir iman, bir məqsəd. İslam dini aparıcı olsa da, ölkəmiz tolerantdır. Vaxtilə Seneqal Fransanın müstəmləkəsi olduğu üçün ölkəmizdə fransız dili geniş yayılıb, amma yerli dildən başqa bir qisim ingiliscə, bir qisim də portuqalca danışır. Yeməklərimiz də məşhurdur. Hətta balıqlı və düyülü Sibudyen yeməyimiz UNESCO-nun milli miras siyahısına düşüb. Zəncəfildən və dünyanın ən yaşlı ağaclarından olan, uzunömürlülük simvolumuz, nadir Baobab ağacından hazırlanan məşhur iki növ içkimiz də var. Sağlamlıq üçün çox əhəmiyyətlidir. Balıqlarımız da məşhurdur. Tanınmış futbolçularımız da az deyil. Hətta onlardan qardaş Türkiyəmizin “Fənərbaxça” futbol komandasında da oynayanlar var.
Azərbaycan turistlərinin Seneqala səyahət etmələri çox asandır. Ayrıca Seneqal turist səyahəti üçün o qədər də bahalı ölkə deyil. Viza pulsuzdur. Əgər sovet dövrü olsaydı, Azərbaycanla Afrika ölkələri arasında münasibət bu səviyyəyə yüksələ bilməzdi. İndi isə ölkəniz müstəqildir və istənilən qitə ölkəsi ilə əlaqə qurur. Bizim fərqli mədəniyyətimiz var və Azərbaycan insanı bu mədəniyyətlə tanış ola biləcək. Biz səfirlik olaraq bu barədə istənilən məlumatı verərik. Ən gözəli Bakıdan Dakara uçmaqdır (gülür-red.).
– Yaxın vaxtlarda Seneqaldan Azərbaycana yüksək səviyyəli səfər gözlənilirmi?
– Keçən ay etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən zaman Seneqalın dövlət başçısı Makki Sallını COP29-da iştirak üçün Bakıya dəvət etdi. Mən də bunu çatdırdım. Seneqal Prezidenti dəvəti qəbul edib və Azərbaycana səfər edəcəyini bildirib.

– İşğaldan azad olunandan sonra Qarabağa, Şərqi Zəngəzura səfər etmisinizmi?
– Mənə dəvət gəldi. Amma həmin dövrdə etimadnaməmi Azərbaycan Prezidentinə təqdim etmədiyim üçün getməyim mümkün olmadı. Qarabağa və Şərqi Zəngəzura səfərim başlıca planlarım arasındadır. Ora getmək üçün müraciət edəcəyəm. Onu da deyim ki, Seneqal Qarabağ məsələsində Azərbaycanın siyasətini dəstəkləyir. Cənab İlham Əliyev mənə Qarabağla bağlı çox gözəl bir kitab verdi. Nəfis tərtibatlı kitab mənim üçün çox dəyərlidir.
– Yəqin ki, Azərbaycanla bağlı müəyyən təəssüratlarınız var…
– Əlbəttə. Bakıya heyran oldum. Möhtəşəm şəhərdir. İçərişəhəri də gəzdim, mistik bir yerdir. Hava limanınız da gözəldir. Qarabağ zəfərindən sonra Bakıda qurulan Hərbi Qənimətlər Parkına da getdim. Bundan başqa əl ilə toxunan xalçalar, masa örtükləri, kiçik xalçalar və s. suvenirlər xoşuma gəldi və xatirə üçün özümə aldım. Bakıda daddığım yeməklər də ləzzətli idi. İnsanlarınız da bizim insanlarımız kimi gülərüz, istiqanlı və qonaqpərvərdir.

[r34]

Mənbə

Seneqal sefiri: Azerbaycanin neft sahesinde tecrubesini oyrenmeye ehtiyacimiz var – MUSAHİBE