İçeriğe geçmek için "Enter"a basın

İtkin düşən neftçinin oğluna verdiyi söz

07-12-2015

22:44 xeber – Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dəniz özülündə baş vermiş qəzadan sonra itkin düşənlərdən biri də Cəlilabad rayonunun Abışabad kənd sakini 48 yaşlı Vəli Cəriyevdir.

Vəlinin yolunu Abışabadda hamı gözləyir. Ailə üzvləri, doğmaları, övladları, bütün kənd sakinləri. Oğlanları 13 yaşlı Qismət və 11yaşlı Qamətin gözləri yolda, qulaqları isə səsdədir.

Dünən ad gününü qeyd etmiş Qismət inanmaq istəmir ki, dekabrın 6-da evdə olmağa, ona ad günü hədiyyəsi almağa söz verən atası vədinə dönük çıxa.

“Dünən səhərə kimi yatmayıb ki, atam mənim ad günümdə gəlməlidir. Mənə söz verib, yerinə yetirməlidir. Ataları elə idi. Ürəyi körpə uşaqdan da zərif idi”, – deyə itkin düşənin bacısı Şirinxanım Cəriyeva bidirib.

Vəli Cəriyev 4 ildən çox idi ki, dəniz buruqlarında qaynaqçı işləyirdi. Ayın 15 günü dənizdə, yarısını isə ailəsinin yanında kənddə keçirərdi.

Hadisədən 20 dəqiqə əvvəl oğlunun zənginə cavab verəndə tufanın başlandığını, ölümlə olum arasında qaldıqlarını da xəbər vermişdi ailəsinə.

“Danışdı, dedi ki, burada qırğındı. Zəng etməyin. Kolonlar aşdı. Gələ bilmədim. Daha mənə zəng etməyin. Ondan sonra nə qədər zəng etsək də cavab vermədi. Bununla da qurtardı”, – deyə həyat yoldaşı Səidə Əliyeva qeyd edib.

Hadisədən üç gün keçsə də, doğmalarında Vəlinin qayıdacağına qəribə inam var. Allahdan ümidini üzməyənlərin duaları isə bütün itkinlər üçündür.

mənbə :
anspress

İtkin düşen neftçinin oğluna verdiyi söz