İçeriğe geçmek için "Enter"a basın

Valideynlər hər həftə 100 manat cərimələnəcək

03-12-2015

22:58 xeber – Azərbaycanda dərsdən qalan şagirdlərin valideynləri cərimələnəcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, şagird bir ay ərzində yeddi gündən çox dərs buraxarsa, şagirdin valideyni 100 manat miqdarında cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Layihə qəbul olunaraq parlamentin iclasına tövsiyə olunub.

Layihənin qanun şəklində qəbul olunub, olmayacağı bəlli deyil, amma artıq cəmiyyət arasında buna reaksiyalar da var. Bəzi valideynlər bununla razı olduğunu bildirsələr də, bir çox valideynlər, hətta bəzi rəsmi orqan nümayəndələri heç də razı olmadıqlarını dedilər.

Valideyn Heybətova Çinarə deyir ki, bu layihə ilə heç razı deyil: “Oğlum 4-cü sinifdə, qızım isə 3-cü sinifdə oxuyur. Düzdür, bacardığımız qədər dərsdən qalmırıq. Yalnız xəstələnəndə dərsdən qalmışıq, bir də havalar şaxtalı olanda. Yollara görə gedə bilmirik məktəbə. İndi belə vəziyyətə düşən valideyn 100 manat verməlidir? Bizim evdə yalnız yoldaşım işləyir, onun əmək haqqısı da 380 manatdır. Üç uşağım var, güclə bu aydan o biri aya çatdırırıq. Bizim kimi yüzlərlə ailə var. Neçə verəcək bu pulu?”.


Çinarə Heybətova – 3 uşaq anası

Digər bir valideyn isə layihədən razı olduğunu qeyd etdi: “Bu məsələnin müsbət tərəfi odur ki, uşaq məcbur olub dərsə gələcək, avaraçılıqla məşğul olmayacaq, gedib dilənçilik etməyəcək. Həyətimizdə bir uşaq var. O, dərs adı ilə evdən çıxır, hər gün dilənir ki, özünə velosiped alsın, valideyninə də deyirik, amma vecinə deyil”.


Sabina Tahirova – övladı ikinci sinifdə oxuyan valideyn

Buna hüquq müdafiəçisi Mehriban Zeynalova da öz etirazını bildirib. O, öz Facebook səhifəsində məsələ ilə bağlı belə bir status da paylaşıb:

“Təhsildən yayınan uşaqların 100 manat cərimələnməsi məsələsinə münasibətim müəyyən mənada müsbətdir. Amma əgər uşağın təhsildən yayınmasının səbəbi ailənin iqtisadi imkanının məhdudluğudursa… İkinci halda, imkanlı ailələr əgər uşağın adını məktəbə yazdırıb evdə repititor tutaraq təhsilə cəlb edirsə… Demək istədiyim odur ki, gözyumulu heç bir xidmət paketi təklif etmədən 100 manat cərimə təhsildə dönüş yaratmayacaq. Millət vəkilləri bir az əhali ilə ünsiyyətdə olub, vəziyyəti düzgün qiymətləndirməli, bu təklif daha hərtərəfli həyata keçirilməlidirlər”.

mənbə :
anspress

Valideynler her hefte 100 manat cerimelenecek