İçeriğe geçmek için "Enter"a basın

General: Nardaranda əməliyyatlar davam edəcək

01-12-2015

23:13 xeber – Nardaranda ictimai təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq. AzTV-nin məlumatına görə, bunu daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov deyib.

Ş.Məmmədov qeyd edib ki, Bakı şəhərinin Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan daxili işlər nazirinin müvafiq əmrinə əsasən xüsusi əməliyyatın keçirilməsi üzrə tədbirlər planı hazırlanıb və tədbirlər planının icrasının təmini məqsədilə Daxili İşlər Nazirliyinin polis orqanlarının və Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlayıb:

“Xüsusi əməliyyat tədbirləri bu gün səhər tezdən başlayıb və gün ərzində uğurla davam etdirilib. Xüsusi əməliyyat tədbirləri müvafiq göstərişin icrası tam təmin olunana qədər davam etdiriləcək və Nardaran qəsəbəsində ictimai təhlükəsizliyin, ictimai asayişin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq”.


Şahin Məmmədov – Daxili Qoşunların komandanı

Daxili Qoşunların komandanı bildirib ki, bütün hallarda əməliyyata cəlb olunan şəxsi heyət qəflətən qarşıya çıxa biləcək tapşırıqların icrasına hazırdır: “Qəsəbənin ərazisinə giriş və çıxış üzrə buraxılış rejiminə ciddi riayət olunur. Qəsəbə ərazisində müvafiq qurumların, o cümlədən, Daxili Qoşunların şəxsi heyəti və polis orqanlarının əməkdaşları ilə birgə xüsusi əməliyyatların keçirilməsi davam etdirilir”.

Bu gün 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.






Nardaranda vəziyyət

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.

Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.




Nardaran qəsəbəsi

mənbə :
anspress

General: Nardaranda emeliyyatlar davam edecek