21:35 xeber – Gəncədən deputat seçilən Naqif Həmzəyevin Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə haqqında səsləndirdiyi xoşagəlməz fikirlər ictimaiyyət arasında geniş rezonans yaradıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ictimaiyyət gənc deputatı qınaq obyektinə çevirib.
Məhəmməd Əminin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə ANS PRESS-ə açıqlamasında gənc deputatın fikirlərinə münasibət bildirib.
“Kimliyindən asılı olmayaraq insan danışığına, dediyi sözlərə fikir verməlidir. Məhəmməd Əmin Rəsulzadə bizim tariximizin bir hissəsidir. Belə fikir səsləndirməsi gənc deputatın tarixi bilməməsindən irəli gəlir. Əgər o, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmə qarşısında cavab verəcək. Artıq həmin deputat belə sözlər işlətmədiyini, fikirlərinin yanlış başa düşüldüyü barədə açıqlama verib. Şəxsən mənim özümə bu barədə zəng etməyib”, – Rəis Rəsulzadə bildirib.
Rəis Rəsulzadə – Məhəmməd Əminin nəvəsi
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər ətrafında yaranan ictimai narazılıqla bağlı modern.az-a açıqlamasında bildirib: “Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib. Səsləndirmədiyim əksər fikirləri mənim adımdan verib. Çox təəssüflər…”.
Naqif Həmzəyev – yeni seçilən deputat
“Yeni Müsavat”ın yazdığına görə, Naqif Həmzəyev qəzetin əməkdaşına Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb.
mənbə :
anspress