09:43 xeber – Şarm əş-Şeyx dünyanın ən gözəl kurort şəhərlərindən biridir. Hər il yüzminlərlə insan Misirin bu turistik məkanında günəşin və dənizin dadını çıxardır. Daha doğrusu çıxarırdı.
Bu gözəl şəhərin bir anda boşalmasına səbəb isə Rusiyaya məxsus içərisində 224 nəfər olan təyyarənin vurulması olub. Belə ki, Sankt Peterburqa uçan təyyarə Misirdən istirahətdən gələn turistləri daşıyırdı. Təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. Təyyarənin partladıldığı məlum olub. Bu hadisəyə görə məsuliyyəti isə bölgədə fəal olan İŞİD terrorçuları üzərlərinə götürüblər.
Bir zamanlar turist əlindən tərpənmək mümkün olmayan Şarm əl Şeyx bu terror hadisəsindən sonra ruhlar şəhərinə çevrilib. Aparılan otel, ev tikintilər yarımçıq qalıb, ticarət mərkəzləri boşalıb, sahillərdə isə tək-tək turistlər gözə dəyir. Məşhur botanika bağı bağlanıb.
Qolf Şarm əl Şeyxin turizminin önəmli hissəsi idi. Bu əyləncədən daha çox ingilis turistlər yararlanırdı. Böyük Britaniya Misiri terror təhlükəsi yüksək olan ölkələr siyahısına daxil etdikdən sonra ingilis turistlər də bu ölkədən ayağını çəkib.
İŞİD-ın törətdiyi terror hadisəsindən sonra bir çox hava yolu şirkəti Misirə, Sinay yarmadasına uçuşları dayandırıb. Bu hadisə isə bölgənin turizm imkanlarına əməlli-başlı ziyan vurub.
Əslində Misirin turizm potensialına zərbə 2011-ci ildə ərəb baharından sonra dəyib. Belə ki, həmin il 14 milyon turisti qarşılayan Misir 3 il sonra cəmi 9 milyon turistə xidmət göstərə bilmişdi.
Şarm-əş-Şeyx – Sankt-Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarə Sinay yarımdasının şimalında yerləşən Əl-Arişdən 100 km uzağlıqda qəzaya uğrayıb.
mənbə :
anspress