07:44 xeber – Azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsini artırmaq məqsədilə Bakının 136 təhsil müəssisəsində məktəbə hazırlıq qrupları yaradılıb.
Əsas məqsəd uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müəyyən biliklər əldə etməsidir.
Paytaxtın 5 saylı tam orta məktəbində təşkil edilən hazırlıq qruplarına yazılmış Nərqiz Süleymanlı üç həftə ərzində çox şey öyrənib.
Hazırlıq qruplarının təşkili valideynləri də qane edir. Xüsusilə bağçaların azlıq təşkil etdiyi bir vaxtda uşaqların bu cür qruplarda məktəbə hazırlaşması onların gələcək təhsilində mühüm rol oynayır.
“Uşağın əqli və dil inkişafında bunun çox böyük təsiri var. Bura çox savadlı müəllimlər cəlb edilib. Biz uşağımızdan çox razıyıq” – deyə valideyn Leyla Hacıyeva bildirib.
Məktəbəhazırlıq qruplarına təcrübəli, bacarıqlı, intellektual və sınaq qiymətləndirilməsində yüksək nəticə göstərən ibtidai sinif müəllimləri cəlb edilib.
Müəllimlər azyaşlılara ilkin biliklər verməklə bərabər, onları kollektivçiliyə, digər həmyaşıdları ilə birgə məşğul olmağa öyrəşdirirlər.
İbtidai sinif müəllimi Məsmə Daşdəmirova deyir ki, uşaqlara az bir vaxtda saymağı, ətraf ailəmlə tanışlığı, ilin fəsillərini, hər fəslin özünə məxsus gözəliklərini öyrənir, rəglərin və fiqurların seçilməsini, bənzətmə, oxşatma kimi fərqli cəhətləri müəyyən edə bilirlər.
Məktəbə hazırlıq qruplarında məşğələlər ödənişli əsaslarla aparılır və onun aylıq qiyməti 40 manat təşkil edir.
Bu proses valideynlə məktəb arasında bağlanan ikitərəfli müqavilə əsasında ödəniş haqqının təhsil müəssisəsinin bank hesabına köçürülməsilə həyata keçirilir. Hazırlıq qrupunu bitirən uşağa sonda rəsmi sənəd – arayış veriləcək.
“Hazırlıq qrupları müraciət edənlərin sayına görə müəyyənləşdirilir. Eyni zamanda məktəbin kadr, sinif otaqları və s. digər potensialları da nəzərə alınır. Valideynlər noyabrın 30-dək hazırlıq qruplarına müraciət edə bilərlər”, – deyə mətbuat xidmətinin rəhbəri Arzu Tahirquliyeva qeyd edib.
Məktəbə hazırlıq qruplarında məşğələlər həftədə 4 dəfə 3 dərs olmaqla həyata keçirilir. Hazırlıq dərs ili bitənə qədər davam edəcək.
mənbə :
anspress