İçeriğe geçmek için "Enter"a basın

Bakıda 6 uşaqlı ailə evsiz qalıb

25-11-2015

08:19 xeber – Sabunçuda vaxtı ilə evi olan 6 uşaqlı ailə bir anın içində yaşayış yerindən olub. Küçədə qalmamaq üçün kirayə mənzilə üz tutublar. Evlərini isə doğmalarının uçurduğunu bildirirlər. Onlar isə ailənin evsiz qalmasının səbəblərini özlərində görür.

Zərərçəkmiş Diləfruz Hüseynova deyir ki, vaxtı ilə fərdi yaşayış evi olub. Həmin ev anası Şükufə və Qardaşı Cəsarət tərəfindən zəbt edilib və dağıdılıb. Bununla bağlı Diləfruz xanım məhkəməyə müraciət edib. Məhkəmə qərarına əsasən zərərçəkmiş və onun 6 uşağı əvvəlki evinə köçürülməlidir.

Onun həyat yoldaşı Elizbar Bayramov isə bu hüququdan məhrum edilib. Evsiz qalan 6 uşaqlı ailə kirayələrdə yaşamaq məcburiyyətindədir. İndi zərərçəkmişlərin bir istəyi var ki, o da anasının yanına yoldaşı və uşaqları ilə birlikdə köçmək. Doğmaları isə buna razılıq vermir.

“Mən xəstəxanada olanda öz əşyalarını yığıb, mənim əşyalarımı isə çölə atıblar. Özləri isə evə yığışıblar. Uşaqlarım da anamın yanında idi. Mən onlara bildirdim ki, mənim əşyalarım nə üçün çöldədir. Dedi ki, get harda yaşayırsan yaşa artıq sənin burada evin yoxdur”, – deyə şikayətçi Diləfruz Hüseynova qeyd edib.

Məsələ ilə bağlı Diləfruz Hüseynovanın anasının yaşadığı evə yollandıq, Diləfruz xanımın qardaşı bizi görən kimi çəkilişə mane olmağa çalışdı.

Sonra Diləfruz Hüseynovanın anası Şüküfə xanım bildirdi ki, o, kürəkəni Elizbar Bayramovu qəbul etmir. Çünki, kürəkən qızı ilə rəsmi nigah bağlamayıb. Bundan başqa o, tüfeyli həyat sürür.

Daha sonra qardaş Dünyamin Hüseynov da bizimlə həmsöhbət olmağa qərar verdi.

Diləfruz xanımın evdən öz xoşu ilə çıxdığını qeyd edən kağızı bizə göstərdi. Orda qeyd olunur ki, nəsə baş verərsə, buna görə onun həyat yoldaşı məsuliyyət daşıyacaq.

Mənzilindən çıxarılması məsələsinə gəlincə Dünyamin Hüseynov bildirdi ki, onun yoldaşının bu evdə yaşamaq hüququ yoxdur: “Amma özünün var. Mən onu evdən çıxarmıram. Özü kirayə ev tutub çıxıb getdi. Yoldaşı içkili vəziyyətdə səhərə kimi bizi narahat edir”.

Diləfruz xanım isə məsələdən çıxış yolunu yaxınlıqda torpaq sahəsində ev tikilməsində gördü.

Onun idda etdiyi torpaq sahəsi qonşu Süsənbər xanıma məxsus olduğundan yenə ara qarışdı. Hüseynovlar ailəsilə qonşu arasında mübahisə düşdü.

Süsənbər xanım bildirdi ki, sənədlə sübutla torpaq sahəsi ona məxsusdur. Əgər Diləfruz Hüseynova torpaq istəyirsə, aidiyyatı qurumlara müraciət etsin.

Problemlə bağlı Sabunçu rayonu Pirşağı qəsəbə bələdiyyəsinin sədri şifahi olaraq bildirdi ki, Diləfruz Hüseynova sabahadan etibarən yazılı şəkildə quruma müraciət etsin, ona köməklik edilə bilər.

mənbə :
anspress

Bakıda 6 uşaqlı aile evsiz qalıb