İçeriğe geçmek için "Enter"a basın

Şirniyyatın ziyanlı və xeyirli tərəfləri - MÜTƏXƏSSİS RƏYİ

20-11-2015


20.11.2015 / 19:08 xeber –

“Həyatımızı şirniyyatsız təsəvvür etmək qeyri-mümkündür. Şirniyyat sənayesinin inkişaf etməsi, çeşidin çox olması və satışa nəzarətsiz buraxılması hamıya məlumdur”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, qastroenteroloq, Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı Anar Salayev deyib.

 

Mütəxəssis bildirib ki, şirniyyat məhsullarının tərkibində olan şəkər orqanizm üçün faydalıdır. O, şəkərlərin növləri və onların qəbulu zamanı baş verən proseslər barədə ətraflı məlumat verib: “Şəkər orqanizmə lazım olan qidalardandır. Qəbul olunan miqdardan asılı olaraq, mənfi və müsbət cəhətləri ola bilər. Müsbət tərəfi budur ki, orqanizm enerjisiz yaşa bilməz. Şəkər, qlükoza enerji ehtiyatını qarşılayan vasitələrindən biridir. Şəkərin verdiyi enerji həm beyin, həm də ümumiyyətlə, orqanizm üçün vacib məhsuldur. Hansı şəkərdən istifadə etməliyik? Şəkərlər 2 yerə bölünür – sadə və mürəkkəb. Orqanizm tərəfindən asan həzm olunan şəkərlər sadə növə aiddir, məsələn, qlyukoza, fruktoza. Bunlar asan mənimsənilir, tez həzm olunur. Birbaşa qana, ordan da mədəaltı vəzə keçir və insulin ifraz olunur. Nəticədə, qanda şəkərin miqdarı qalxır. Mürəbbə, şokolad, tort, pirojna, kekslərin tərkibindəki şəkərlər sadə şəkərlərdir”.

 

A.Salayev deyib ki, mürəkkəb şəkərlər sırasında nişastanın adını çəkmək olar. Bu orqanizmdə sadə şəkərlərə parçalanır: “Sadə şəkərlərin qəbulu sağlam insanlarda 2 saat müddətində qanda şəkərin miqdarı yüksək olur. Sonra tədricən enir, orqanizm bunu tənzimləyir və qanda olan artıq şəkər toxumalara keçir və qanda şəkərin miqdarı normaya düşür. Şəkərli diabeti olan və şəkər toleranslığı pozulan xəstələrdə bu proses bir qədər fərqli olur. Tənzimləyici proses pozulduğuna görə şəkər qanda uzun müddət qalmış olur. Mürəkkəb şəkərlər birbaşa qana keçmir. Sadələrə parçalanaraq, sonra qana keçirlər. Mürəkkəb şəkərlər daha az ziyanlıdır. Amma burada miqdar söhbəti var. Hədsiz istifadə zərər verə bilər”. Kartof, meyvələrdə olan şəkərin mürəkkəb olduğunu diqqətə çatdıran mütəxəssis şəkərin qəbul şəklinə görə, orqanizmin reaksiyasının da fərqli olduğunu bildirib: “Çünki meyvələrin tərkibində lif var. Şəkərin parçalanmasını və qana tədricən keçməsi məhz liflərdən asılıdır. Buna görə də mədəaltı vəzə və orqanizmə güc düşmür. Yüksək miqdarda insulin də ifraz olunmur”.

 

Anar Salayev əksər insanların sevimli qidası olan şokolad, qəhvə, meyvə-tərəvəz məhsullarının orqanizmə təsiri haqqında ətraflı məlumat verib: “Şokoladın xeyri və ziyanı haqqında alimlər böyük tədqiqatlar aparıblar. Burada əsas məsələ miqdardır. Təbii şokolad qanı artırır, gümrahlıq verir. Lakin mədə-bağırsağı xəstə olan adamlar diqqətli olsunlar. Şokolad, şirin qəhvə mədə, bağırsağı qıcıqlandıra bilər. Piylənmədən əziyyət çəkənlər qəhvədən çox istifadə edirlər. Çünki qəhvənin piyləri əritmək xüsusiyyəti var. Amma mədə-bağırsağı xəstə olan adamlara qıcıqlandırıcı təsir göstərdiyi üçün qəhvə qəbulu məsləhət görülmür. Mədəaltı vəz 2 böyük funksiyanı yerinə yetirir. Xarici sekresiya vəzisi kimi həzmdə iştirak edir, daxili sekresiya vəzisi kimi isə qanda şəkərin miqdarını azaldır. Amma qidaların yerli-yersiz qəbulu mədəaltı vəzin gücə düşməsinə səbəb olur. Nəticədə, onun ömrü azalır”.

 

Qonaq əlavə edib ki, alimlər hətta şəkərli qidaların insanın intellektinə, əqli qabiliyyətinə belə təsirini öyrəniblər. Kaliforniyada məktəblilər arasında aparılan tədqiqatda uşaqların bir qisminə şirniyyatlar, digər qrupa isə meyvə-tərəvəz veriblər. Nəticədə, 2-ci qrupun üzvlərinin əqli qabiliyyətinin daha yüksək olduğu üzə çıxıb: “Avropada da bu tip araşdırmalar aparılıb. Miqdara diqqət edilmədən gündəlik rasiona sadə şəkərlərin daxil edilməsi göbələk xəstəliklərinə də səbəb ola bilər. Çünki göbələklər şəkərli mühitdə daha tez inkişaf edir. Bu təhlükə xüsusilə, qadınları gözləyir. Şirniyyat məhsullarından nəzarətsiz şəkildə istifadə edən, immun çatışmazlığı, antibiotiklər qəbul edən insanlarda da bu hal müşahidə oluna bilər”. 

mənbə :
lent.az

Şirniyyatın ziyanlı ve xeyirli terefleri – MÜTƏXƏSSİS RƏYİ