İçeriğe geçmek için "Enter"a basın

Kanadadan poçtla narkotik gətirdənlərin işi MƏHKƏMƏDƏ

17-11-2015


17.11.2015 / 14:20 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirli bilinən Fərhad Nəcəfovun və oğlu, Kanada vətəndaşı Cahangir Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid qismində dindirilən Gülnarə Şirinova turizm sahəsində çalışdığını qeyd edib: “22 yaşım var, kollec məzunuyam. Subayam. Cahangiri tanıyıram. Bacım yoldaşının dostudur. Tanışlığımız olub. Evlərinə getmişəm. Onunla münasibətimiz yaxşı olub. Narkotik maddə görməmişəm, istifadə edib-etməməsindən də xəbərim yoxdur”.

Prokuror şahidin məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyinin ifadədə ziddiyyət təşkil etdiyini qeyd edib. G. Şirinova istintaq zamanı təzyiqə məruz qaldığını, ailəsinin bu işdən xəbəri olmasın deyə, imza çəkdiyini bildirib. Hakim onun istintaqa verdiyi ifadəni məhkəmədə səsləndirib. İstintaq zamanı G. Şirinovanın ifadəsində, onun Cahangir Nəcəfovun mənzilinə getdiyini və həmin evdə narkotik maddə-marixuana çəkdiklərini qeyd olunub.

Şahid istintaqa verdiyini ifadəni təkzib edərək, məhkəmədə verdiyi ifadəsini təsdiqləyib.

Bundan sonra məhkəmədə Mərkəzi Poçtun əməkdaşları ifadə verib. Onlar ifadələrində bildiriblər ki, Kanadan gələn bağlamalardan şübhələniblər. Araşdırma zamanı hal şahidlərinin iştirakı ilə paltarlara bükülmüş vəziyyətdə narkotik maddə aşkarlayıblar.

Məhkəmə prosesi noyabrın 20-də davam edəcək.

Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə “Rapiscan” markalı rentgen aparatı vasitəsilə gömrük nəzarəti həyata keçirilərkən Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılıb və gömrük yoxlaması zamanı bağlamanın birindən 2 kiloqram 15 qram, digər bağlamadan isə 2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunub.

Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən həmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana olduğu müəyyən edilib.

Araşdırmalar zamanı həmin bu narkotik maddənin Cahangir Nəcəfov və Fərhad Nəcəfova adına göndərildiyi bilinib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 234.4.3( qanunsuz narkotik maddənin dövriyyəsi), 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanıb. 

mənbə :
lent.az

Kanadadan poçtla narkotik getirdenlerin işi MƏHKƏMƏDƏ