09:34 xeber – Xalq artisti, tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan Xalid Mədətov Ali Məhkəməyə müraciət edib.
Ağasəlim Abdullayevin ANS PRESS-ə verdiyi məlumatına görə, Xalid Mədətov bununla ikinci dəfədir ki, məhkəməyə müraciət edir:
“Bundan əvvəl də həmin şəxs məhkəməyə müraciət edib. Amma verilən şikayətləri təmin olunmayıb. Yəqin, ona görə, bu dəfə də Ali məhkəməyə müraciət edib”.
Xalq artisti həyat yoldaşı və nəvəsinin ölümü ilə nəticələnən qəzanı törədən şəxsin müraciətinin mənasız olduğunu deyib. Onun sözlərinə əsasən, araşdırma aparılıb, istintaq gedib, hər şey təsdiq olunub. Məhkəmə də öz növbəsində ona lazım olan qədər iş kəsib.
“Mən verilən qəraradan razıyam. Həmin insan mənim ailəmin ölümünə səbəb olub. Düşünürəm ki, verilən cəza tam düzgündür”, – deyə tarzən əlavə edib.
Xalq artistinin düşdüyü qəza ötən ilin mart ayında paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Zığ yolu şossesindən hava limanı istiqamətinə hərəkət edən “Mercedes” “Galendewagen” markalı avtomobil “VAZ 21 06” markalı minik maşınına çırpılıb. Zərbə güclü olduğundan minik maşını tanınmaz hala düşüb. Hadisə nəticəsində “VAZ 2106”da olan tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı, xalq artistinin 3 yaşlı nəvəsi dünyasını dəyişib. Nəqliyyat vasitəsində olan Ağasəli Abdullayev, oğlu Vüqar Abdullayev və gəlini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ağasəlim Abdullayev
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən sonra orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu aşkar olunub.
Qəzadan iki gün sonra Xalid Mədətovun atası Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Xalid Mədətovun vəkilləri apelyasiyaya şikayət ərizəsi ilə müraciət edib. Onlar müdafiə etdikləri şəxsin barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyiblər. Apelyasiya şikayəti təmin edilməyib.
Ağasəlim Abdullayevin ailəsinin düşdüyü qəza
mənbə :
anspress