İçeriğe geçmek için "Enter"a basın

İqtisad universitetində “Elm Günləri”nə start verilib

11-11-2015


11.11.2015 / 14:17 xeber –

Noyabrın 11-də İqtisad Universitetində (UNEC) “Ümumdünya Elm Günü”nə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Elm Günləri”nə start verilib.

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin rektoru Ədalət Muradov bildirib ki, “Elm Günləri” UNEC-də elmi tədqiqatların stimullaşdırılması məqsədi ilə atılan addımlardan biridir. Tədbirin həmçinin AMEA-nn 70 illik yubileyinə həsr edildiyini vurğulayan rektor əlavə edib ki, bu münasibətlə UNEC-in gənc tədqiqatçı, magistrant və tələbələri arasında elmi məqalə müsabiqəsi elan edilib. Tədbirin sonuncu günü müsabiqəyə yekun vurulacağını qeyd edən rektor, qaliblərin mükafatlandırılacaqlarını bildirib.

Rektor bildirib ki, istəyimiz ondan ibarətdir ki, tədrislə yanaşı, UNEC-də elmi tədqiqatlara yer ayrılsın. İstəyirik ki, Azərbaycanın qarşısında duran sosial-iqtisadi problemlərin həllində alimlərimiz fəal olsunlar.

Ə.Muradov ötən dövr ərzində UNEC-də elmi-tədqiqat infrastrukturunun yaradılması istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, universitetdə bir neçə elmi-tədqiqat laboratoriyası yaradılıb. Bu, “İnkişaf İqtisadiyyatı”, “İslam İqtisadiyyatı” və “Avropa İqtisadiyyatı” laborotoriyalarıdır. İndi həmin loboratoriyalarda məhsuldar işləyə biləcək tədqiqatçıları seçirik və düşünürəm ki, buna nail olacağıq. “İnkişaf iqtisadiyyatı” labaratoriyası artıq bir tədqiqat layihəsinə start verib və bununla bağlı qrant udub. Həmin layihə “Azərbaycan neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması” layihəsidir. Düşünürük ki, layihənin nəticəsini bir ildən sonra geniş elm ictimaiyyətinə təqdim edəcəyik.

UNEC-də elmi fəaliyyətin stimullaşdırılması yönündə atılan addımlardan söz açan rektor, ölkə ali təhsil müəssisələri arasında ilk dəfə differensial əməkhaqqı

sisteminə keçiddən danışıb. Bildirib ki, yeni sistem şərait yaradır ki, müəllimlərin elmi tədqiqatlarına uyğun olaraq, əmək haqlarına əlavələr edilsin. Sistemə görə, müəllimin əmək haqqı iki dəfə artırıla bilər.

AMEA-nın vitse-prezidenti, akademik, İsa Həbibbəyli Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. AMEA-nın tarixinə qısa nəzər salan İ.Həbibbəyli akademiyanın inkişafında rolu olan alimlərdən danışıb. Qeyd edib ki, elm tarix boyu cəmiyyətin inkişafında böyük rol oynayıb. Hansı ölkədə elm yüksək səviyyədə inkişaf edibsə, orada dövlətçilik də, cəmiyyət həyatının digər sahələri də həmişə öndə olub. Elmin öyrənilməsində müəllimlərin rolu əvəzsizdir deyən akademik, UNEC-də güclü professor – müəllim heyətinin olduğuna diqqət çəkib. Araşdırmalara görə ən yaxşı müəllim dərsdə tələbəyə ali məktəb məzmununa aid olan elmi biliyin 30 faizini verir. 40 faizini tələbə özü kitablar vasitəsi ilə əldə edir. 30 faizi isə tələbəyə universitet mühiti verir deyən akademik, UNEC-də gənc nəslin təlim və tərbiyəsi üçün yüksək səviyyədə mühit qurulduğunu bildirib.

Sonra UNEC-in İqtisadi Araşdırmalar Elmi – Tədqiqat İnstitutunun direktor müavini, professor Rövşən Quliyev “elmin iqtisadi inkişafda rolu” mövzusunda məruzə ilə çıxış edib.

“Elm Günləri” müasir cəmiyyətdə iqtisad elminin əhəmiyyəti barədə plenar iclaslarla davam etdiriləcək. İxtisas kafedralarında tematik dəyirmi masalar, həmçinin tanınmış alimlərlə görüşlər və elmi mühazirələr də təşkil ediləcək.

 

mənbə :
lent.az

İqtisad universitetinde “Elm Günleri”ne start verilib