İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda kanalizasiyaya atılan pullar

11-11-2015

14:00 xeber – Bakıda yağış üçün nəzərdə tutulan borular demək olar ki, işləmir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, noyabrın 7-sən 10-a qədər intensiv yağan yağışlar nəticəsində Bakının bir çox yerlərində olan aktiv sürüşmə zonalarında çatlar, genişlənmələr müşahidə olunur. Bundan başqa, yağış nəticəsində bir çox şəhər və rayonlarda evlər,avtomobillər, mağazalara böyük ziyan dəyib.

Ümumiyyətlə, payız mövsümünün başlaması ilə əlaqədar olaraq, belə hallara tez-tez rast gəlinəcəyi istisna deyil. Çünki yağışların küçələrdə sel halını alması kanalizasiya sistemlərinin işləməməsindən və ya yağış barmaqlıqlarının təmizlənmədiyindən bir daha xəbər verir.

Ziya Bünyadov prospektinin yağışdan sonrakı vəziyyəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyində vətəndaş şurasının sədri Telman Zeynalov deyir ki, şəhər böyüyüb, yeni binalar tikilib, lakin yeraltı kommunikasiya sistemləri isə köhnə qalıb: “Ona görə də, bir ayın norması iki saat ərzində yağırsa, sözsüz, heç bir sistem bunu ötürə bilmir. Bu səbəbdən də hər yerdə gölməçələr əmələ gəlir. Bundan başqa, atılan zibillər kanalizasiya sistemində toplanır, yağış yağanda, həmin suyun qarşısını alır”, – deyə ekoloq bildirdi.

Büdcədən kanalizasiya sisteminə ayrılan vəsaitin həcminə də toxunan Telman Zeynalov bu sahədə nəzarətin olmadığını deyir: “Əgər bu sahəyə hər hansı bir məbləğ ayrılıbsa, bu işlə məşğul olan qurumlar lazımi tədbirlər yerinə yetirməlidirlər. Hər il eyni vəziyyət bu sahədə nəzarətin zəif olduğunu göstərir. Son günlər yağan güclü yağış, əslində, heç bir problemin həll olunmadığını bir daha sübut etdi”.


Telman Zeynalov – Ekologiya və Təbii Sərvətlər Nazirliyində vətəndaş şurasının sədri

Ekspert onu da qeyd etdi ki, payız-qış-yaz aylarında yağan yağış sularından ekoloji baxımdan da istifadə mümkündür. Bunun üçün sular duruldulur, anbarlaşdırılır, yayda, quraqlıq zamanı kənd təsərrüfatında istifadə olunur.

“Bu il yayın quraq keçməsi, suyun olmamasına, ərzaq məhsulların az yetişməsinə səbəb oldu ki, nəticədə qiymətlər də maxsimuma qalxdı. Əgər payız-qış-yaz aylarında yağan yağış və qarı yığıb anbarlaşdırsaydılar, bu cür hallara da rast gəlinməzdi!”, – deyə sədr əlavə etdi.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, hər il dövlət büdcəsindən 500 milyon manat məbləğ ayrılır və qurum bu məbləği, təkcə, kanalizasiya sisteminə deyil, ümumi su sistemlərinə sərf edir.

“Paytaxtda yağış sularının çəkilməsinin böyük əksəriyyəti kanalizasiya sistemlərinin üzərinə düşür. Ancaq mövcud kanalizasiya sistemi 70-80-ci illərdə qurulub və o dövrün tələbatına hesablanıb, yəni, bugünkü tələblərə uyğun gəlmir. Nəticədə intensiv yağıntılar zamanı bəzi ərazilərdə su yığımları əmələ gəlir. Başqa sözlə, boruların həmin suları eyni vaxtda daşımağa gücü çatmır”, – deyə Anar Cəbrayıllı bildirdi.

Qurum rəsmisi onu da əlavə etdi ki, “Azərsu” ASC imkan olan ərazilərdə yağış sularının kanalizasiya şəbəkəsinə axıdılması ilə bağlı işlər görür, müvəqqəti olaraq bu problem həll edilir. Problemin köklü həlli Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Master Plan”da öz əksini tapıb. “Planda Abşeron yarımadasına 3400 km yağış kanalizasiya şəbəkəsinin və 900 km-dən artıq yağış kollektorlarının qurulması nəzərdə tutulur. “Master Plan”da Abşeron yarmadasındakı göllərdən təbii hövzə kimi istifadə olunması da əks olunub.


Anar Cəbrayıllı – “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri

Xarici ölkələrdə bu proseslərin həyata keçirilməsi ölkəmizdəkindən fərqlənir. Belə ki, orada kanalizasiya yolları, elektrik xətləri çəkilir, ümumiyyətlə, insanların rahatlığı üçün hər bir şərait yaradılandan sonra binalar tikilir. Bizdə isə bina tikilir, yol çəkilir, daha sonra yolu dağıdıb, yenidən kanalizasiya və su sistemi çəkirlər. Bu da əlavə pulların sərf olunmasına gətirib çıxarır, birbaşa büdcəyə mənfi təsir göstərir.

Sankt-Peterburqda xüsusi su anbarları tikilib ki, yağan çirkab sular bir başa həmin anbarlara axıdılır.


Sankt-Peterburqda su anbarları

Ümumiyyətlə şəhər güclü küləyin , yağışın baş verməsinə hər zaman hazır olmalıdır. Onların nəqliyyata, evlərə ,insanlara ziyan verməsinin qarşısı əvvəlcədən görülmüş tədbirlərlə alınmalıdır. Məsələn, böyük ağacların yaxınlığında dəmir baryerlər tikmək olar, yağışın zirzəmiləri, küçələri basmaması üçün boruların diametrini 2-3 metr etmək lazımdır ki, suyun təzyiqi yüksək olanda borular ona tab gətirsin. Bütün bunlara isə həmin sahələrə nəzarət edən qurumlar birbaşa cavabdehdirlər.

mənbə :
anspress

Azerbaycanda kanalizasiyaya atılan pullar