İçeriğe geçmek için "Enter"a basın

"Azərsu” ilə Böyük Britaniya şirkəti arasında memorandum imzalanıb

10-11-2015


10.11.2015 / 16:11 xeber –

 

Noyabrın 10-da Böyük Britaniyanın Biwater və onun yerli tərəfdaşı Nobel Oil şirkətləri ilə “Azərsu” ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Azərsu”nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, memorandum Biwater və Nobel Oil şirkətləri tərəfindən “Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları” layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılmasını nəzərdə tutur.

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkəmizdə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. O, su təchizatı və kanalizasiya infrastrukturlarının dünya standartları səviyyəsində qurulması üçün ən yeni texnologiyalardan istifadə edildiyini xatırladaraq, çirkab sutəmizləyici qurğuların layihələndirilməsində Britaniya şirkətləri ilə əməkdaşlığın faydalı olacağını da vurğulayıb: “Çirkab sutəmizləyici qurğuların texniki iqtisadi əsaslandırılması sahəsində böyük təcrübəsi olan Biwater şirkəti ilə əməkdaşlığın geniş perspektivləri var. Lökbatan və Şüvəlanda təmizləyici qurğuların tikilməsilə Abşeron yarımadasında formalaşan tullantı suların əhəmiyyətli hissəsi bu qurğulara yönəldiləcək. Bu layihələrin icrası zamanı tunel və mikrotunel tipli kanalizasiya kollektorlarının tikintisi də nəzərdə tutulur. Hesab edirəm ki, bu layihələrin böyük ekoloji faydası olacaq”.

Biwater şirkətinin icraçı sədri Edrian Uayt bildirib ki, Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirlər və Azərbaycanda tullantı sularının idarəolunması sahəsində irimiqyaslı layihələrinin icrasında yaxından iştirak etmək və bu işləri qısa müddətdə icra etmək niyyətindədirlər.

İmzalanma mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq də iştirak edib.

Əməkdaşlıq Haqqında Memorandumu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Biwater şirkətinin icraçı sədri Edrian Uayt və Nobel Oil şirkətinin baş icraçı direktoru Maykl Rinq imzalamışlar. Sənədə əsasən Biwater və Nobel Oil şirkətləri Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğularının texniki iqtisadi əsaslandırılmasını işləyib hazırlayacaq.

Qeyd edək ki, Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi tərəfindən Abşeron yarımadasında çirkab sutəmizləyici qurğuların və kanalizasiya kollektorlarının tikintisinə 800 milyon ABŞ dolları vəsait ayrılması təklif edilib.

Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planının tövsiyələrinə əsasən yarımadanın yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması üçün hövzələr seçilib, hər bir hövzə üçün çirkab sutəmizləyici qurğular kompleksləri və magistral kanalizasiya kollektorları layihələndirilib.

Xatırladaq ki, Böyük Britaniyanın “Biwater” şirkəti dünyanın müxtəlif şəhərlərində genişmiqyaslı su və çirkab suları təmizləmə texnologiyalarını təqdim edir. Şirkət 90-dan çox ölkədə hidrotexniki qurğularının layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. 

mənbə :
lent.az

"Azersu” ile Böyük Britaniya şirketi arasında memorandum imzalanıb