18:25 xeber – ““Bank Technique” ASC-də idarə heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Müşahidə Şurasının qərarı ilə Eldar Cəfərov bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib”.
Bu barədə ANS PRESS-ə Eldar Cəfərovun bundan əvvəl rəhbəri olduğu “Molbulak” Bank olmayan Maliyyə Təşkilatının admnistrativ işlər üzrə meneceri Emin Yusifov deyib.
Onun sözlərinə görə, E.Cəfərov artıq bu gündən öz yeni işinə başlayıb.
Təşkilat nümayəndəsi həmçinin oktyabr ayının 28-də bəzi Kütləvi İnformasiya Vasitələrindən (KİV) Eldar Cəfərovun “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilməsi ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini, Cəfərovun yalnız dünən bu vəzifəyə təyin edildiyini bildirdi.
Onu da bildirək ki, hazırda “Molbulak” Bank olmayan Maliyyə Təşkilatında rəhbər vəzifəsi boşdur.
Etibar Əliyev – Bankın Müşahidə Şurasının sədri
Oktyabr ayının 27-də də “Bank Technique”də ciddi dəyişiklik baş verib. Müşahidə Şurasının sabiq rəhbəri Etibar Əliyev öz əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən bankın Müşahidə Şurasının sədri təyin edilib.
Həmin gün bankdan ANS PRESS-ə bildirmişdilər ki, E.Əliyev bu gün Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşüb və bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedərək öz rəhbər postuna əyləşib.
Onun vəzifələrini icra edən Rövşən İsmayılov isə oktyabr ayının 17-də işdən çıxarılması ilə bağlı ərizə yazıb və ərizə qəbul edildiyi üçün elə həmin gün işdən azad edilib.
E.Əliyev uzun müddət adıçəkilən bankın Müşahidə Şurasına rəhbərlik edib və 2012-ci ilin mart ayında bu vəzifədən azad edilib.
mənbə :
anspress