İçeriğe geçmek için "Enter"a basın

Dövlətin büdcəsini talayanlar

06-11-2015

17:37 xeber – Bakıda əhali bəzi mağazalardakı pos-terminallarla problem yaşayır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu hal daha çox Nəsimi rayonu, Memar Əcəmi metro stansiyasının ətrafındakı mağazalarda rast gəlinir. Burada olan mağazalardan bəzİlərində pos-terminal yoxdur, olanlardan bəziləri işləmir, bəziləri isə ödənişləri yalnız master kartlarla həyata keçirməyə razılıq verir. Viza kartlarla ödəniş etmək isə mağazalar tərəfindən qəbul edilmir.

Məsələdən alıcılar da narahatdır. Şəhər sakini Ramilə Əliyeva deyir ki, o, paltar almaq üçün brend hesab olunacaq mağazalardan birinə girib və xoşuna gələn bir neçə paltar seçib:

“Mağazanın giriş hissəsində nağdsız ödəniş vasitəsini gördüm və mağazaya rahat girdim ki, kart vasitəsi ilə rahat şəkildə ödəniş edəcəm. Bir neçə paltarı seçdim və ödəniş etmək üçün viza kartla kassaya yaxınlaşdım. Kassadan isə bildirdilər ki, pos-terminal işləmir. Cibimdə də kifayət qədər nağd pul olmadığı üçün məcbur olub aldığım paltarları geri qaytarmalı oldum. Satıcı da mənə yaxın 10 gün ərzində terminalın təmir edilməyəcəyini bildirdi. Başqa bir neçə mağazada da eyni aqibətlə qarşılaşdım”.

Baş çəkdiyimiz mağazalardan bəzilərində də Ramilə Əliyevanın aqibəti ilə qarşılaşan alıcılarla rastlaşdıq. Mağazaların çoxunda isə ümumiyyətlə nağd ödəniş etmək üçün cihazlar yox idi.

Mövzu ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, pos-terminallar nazirlik ilə həmin cihazı qoyan bank əməkdaşları tərəfindən birgə quraşdırılır:

“Ödəniş aparılan bütün sahibkarlıq subyektlərində pos-terminallar quraşdırılmalıdır. Əgər hansısa sahibkarlıq subyektində həmin cihaz yoxdursa və ya cihazı işlətmirsə buna görə məsuliyyət daşıyır. Nazirlik də mütəmadi olaraq bununla bağlı yoxlamalar həyata keçirir və hansısa nasazlıqla qarşılaşdıqda dərhal müvafiq banka məlumat verir. Bank tərəfindən isə həmin problem aradan qaldırılır”.

İqtisadçı ekspert Azər Mehdiyev isə Azərbayanda pos-terminal sistemi ilə ödənişin hələ formalaşmadığını deyir. Buna səbəb isə Azərbaycanda hələ Avropa ölklərindəki kimi mağazaların mərkəzləşdirilmə sisteminə keçməməsidir:

“Əgər sahibkar bilsə ki, bu cihaz qeyd-şərtsiz quraşdırılmalıdır sahibkar onu hökmən quraşdıracaq və istifadə edəcək. Məsələ ondan ibarətdir ki, bir çox hallarda pos-terminallar gözdən pərdə asmaq üçün quraşdırılır. Avropa ölkələrində bütün post-terminallarda istənilən kartla ödəniş etmək mümkündür. Bizdə isə bəzi marketlərdə eyni anda bir neçə bu cihaza rast gəlinir. Buna da səbəb bir aparatın digər kartı qəbul etməməsidir. Ölkəmizdə bununla bağlı konkretlik yoxdur”.

Iqtisadçı məsələnin həlli yollarını da göstərdi: “Insanlara elektron ödənişlərin faydalarını başa salmaq lazımdır. Bunün üçün də KİV-də təbliğatlar aparılmalıdır. İnsanlar elektron ödənişlərin nə olduğunu, necə istifadə edildiyini bilməli və elektron ödəniş sisteminə güvənməlidir”.


Azər Mehdiyev – İqtisadçı

Ümumiyyətlə dünya təcrübəsinə baxsaq görərik ki, Avropa ölkələrinin bəzilərində elektron ödəniş davamlı şəkildə inkişaf edir. Məsələn qonşu Türkiyədə hər il bir neçə faiz artan xətlə elektron ödəniş sisteminə keçirilir. Ödəniş terminalları davamlı xətlə quraşdırılır. Bunun üçün də insanları elektron ödənişlərə cəlb edəcək addımlar atılır. Dövlətin hədəfi isə odur ki, qarşıda duran illərdə yavaş-yavaş kağız pul sistemini aradan çıxarsın və tam şəkildə elektron ödənişə keçsin.

Azərbaycanda isə əhalinin nağdsız ödənişlərə marağını artırmaq üçün ilk öncə insanları bu işin faydaları barədə məlumatlandırmaq, ikinci isə elektron ödənişlərin daha az zərərlə başa gəldiyini anlatmaq lazımdır. Burada da bütün məsuliyyət nazirliyin, bankların və KİV-lərin üzərinə düşür. Əgər cəmiyyət nağdsız ödənişlərdən istifadəyə maraq göstərərsə və nağdsız ödənişlərdən istifadə edərsə sahibkarlar da məcbur olub pos-terminal və bütün texnoloji cihazlara quraşdırarlar. Hazırkı vəziyyətdə isə post-terminallar quraşdırılmadığı üçün uduzan sadəcə dövlət büdcəsidir.

“Eurovision” və birinci Avropa Oyunları öncəsi bankomatların və pos-terminalların kütləvi şəkildə quraşdırılması həyata keçirilirdi. Lakin iyun ayında 78 min 264 cihaz quraşdırılmışdısa, iyul ayında onların sayı 305 ədəd azalaraq 77 min 959-a enib.

mənbə :
anspress

Dövletin büdcesini talayanlar