İçeriğe geçmek için "Enter"a basın

Rəssam və heykəltəraş Mir Teymur Məmmədov: “Rəssamlıq Akademiyasında dərs verməkdən imtina etmişəm...”

06-11-2015


06.11.2015 / 16:06 xeber –

 

“İncəsənət – kətanın üzərinə üç-dörd vedrə rəng tökmək deyil, bu maşenniklikdir”

 

“İçərişəhər Bakının, Azərbaycanın ürəyidir. Onun tarixi hələ XII əsrdən başlayır. Bakını deyəndə, beynimdə yalnız İçərişəhər canlanır. Ürək necə döyünür, Bakının ürəyi də İşərişəhərdir elə döyünür. İçərişəhərdə gedən yenidənqurma işləri ilə 100 faizlik razı deyiləm. Elə məsələlər olur ki, mən deyirəm və ona qulaq asıb, düzəlişlər edirlər. Vaxt var idi, mən deyirdim, bağırırdım, heç kim eşitmirdi. Amma indi vəziyyət dəyişib. İçərişəhərdə bəzi eybəcər binaları hördük və biz onu işləyib qədim halına saldıq”.

 

“Şəhər mədəniyyətindən danışanda əsas kanalizasiya, sudan, qaz xəttindən danışmaq lazımdır. Burada fasadlar elə bərbad gündə idi ki… Fasadlar belə görünmürdü. İndi isə bütün bunları həll etmişik. İçərişəhərdə gidrant yox idi. Yanğın baş verəndə yanğınsöndürənlər suyu haradan götürəcəkləri belə bilmirdilər”.

 

“Bakıda hündür mərtəbəli bina tikənlər bu şəhərə nifrət edir”

 

“Bakı kimi şəhərə hündür mərtəbəli bina yaramır. Düşünürəm ki, bunu tikən şəxs Bakıya nifrət edir. İçərişəhəri bu gün 100 faiz olmasa da, qoruyuruq. Bir zamanlar buralar siçovullarla dolu idi. Hətta onlar burada özlərini İçərişəhərin sahibi kimi aparırdılar. Bakıda olan tramvay yollarını, tramvayları yığışdıran adam oğrudur, o biznesmen deyil. Zaman gələcək biz o adamları tapacağıq. Bu cinayəti edən adamı tapacağıq. Tramvayın Bakıya qayıtması mütləqdir. Çünki bütün şəhərlərdə tramvay əsasdır”.   

 

“Bakını çox mədəni görmək istəyirəm. Bakı mədəniyyət mərkəzidir. Bu da zaman tələb edir. Mən olduğum şəhərlərdə oranın qanunlarını öyrənib, özümü ora uyğun aparmağa çalışıram. Çünki mən belə öyrənmişəm. Amma rayondan gələndə öyrətmirlər, demirlər ki, şəhərin öz mədəniyyəti, kəndinsə öz mədəniyyəti var. Onlara demirlər ki, çölə eyvandan zibil atmaq olmaz. Burada psixoloji faktor da rol oynayır. Adam bura o biri məkandan gəlib və onu heç kim tanımır. Yüksəkdən danışaram, düz oturmaram, söyüş söyərəm, məni onsuz da heç kim tanımır deyə düşünürlər. Daxili mədəniyyət, tərbiyəni isə öyrətmək lazımdır. Müəllim anadan sonra ikinci adamdır. Müəllimdə mədəniyyət olmayanda şagirdin gördüyü də o olur. Belə şeylər olmaz. XX əsrin əvvəllərində Həsən bəy Zərdabi bir kəlam deyib və kül bizim başımıza ki, bu söz hələ də aktuallığını itirməyib – “savadsızlıq bütün bəlaların köküdür”. İnsan nə qədər bisavad olursa, o qədər bisavad hərəkətlər edir. O, bu hərəkətləri pis adam olduğu üçün etmir, sadəcə bunu bilmir. Köhnə Bakının mədəniyyətini qaytarmaq üçün onun tarixini bilmək lazımdır”.  

 

“Bizdə əlifba 4 dəfə dəyişdirilib, bu əməlli-başlı genosiddir”

 

“Bu gün ingilis,, ərəb, fransız dillərini bilirsən çox gözəl, rus dilini də bil. Buna bir biznesmen kimi yanaş. Hansı informasiya nə dilindədir. SSRİ özü bilməyə-bilməyə bizi köklərə bağlayırdı. Bizdə əlifba 4 dəfə dəyişdirilib. Bu əməlli-başlı genosiddir. Heç bir xalqı məhv etmək üçün üzərində belə bir ekspriment aparılmayıb. Sən əlifbanı dəyişəndə ata öz balasını, ata öz dədəsini başa düşmür. Bizdəki kimi… Bu problemə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir də toxunub. Mənim 70 yaşım var, adam var ki indiki əlifbanı bilmir, öyrənmir də. Çünki tənbəldir, heç öyrənmək istəmir də. O sadəcə gəzir, danışır, yeyir, bir meyitdir, o insan deyil. O inkişaf eləmir. İnkişaf etmək istəməyən insandan uzaq olmaq lazımdır. O insan səni də dibə aparacaq. Rəhmətlik nənəm Nərgiz xanım mənə nəsihət etmişdi ki – “yadında saxla tum satanla oturub durarsan, axırda tum satan olarsan”. Özü 5 dil bilirdi, Parisdə oxuyub”.

 

“İstəyirsən 100 fərdi sərgi elə, sən rəssam deyilsən”

 

“Müasirliyi, yeniliyi sevirəm və qəbul edirəm. Amma müasir toyları, şadlıq evlərini qəbul eləmirəm. Bizi geriyə aparır. Bizim qadınlara bir baxın – onlar o məkan da özlərini necə aparırlar, necə geyinirlər. Onların qardaşları, ərləri yoxdur? Bu mədəniyyət, müasirlikdir? Yox! Rəssamlıqda, heykəltəraşlıqda müasirliyi, yeniliyi qəbul edirəm. Hər zaman öz tələbələrimə deyirəm – “bu zamanda yaşayın, amma keçmişi bilin”. Mənə lazım deyil, Azərbaycanda 10 Pikasso, 8 Salvador Dali, 10 Deqa olsun. Amma bu zaman da belə baxıram işlər buna doğru deyil. Çünki, oğurlayırlar və deyirlər ki bu müasir rəngkarlıqdır. İncəsənət kətanın üzərinə üç-dörd vedrə rəng tökmək deyil. Və ya daşın üstünə daş qoy, üstündən də rəng tök, bu heykəltəraşlıq deyil. Bu əməlli–başlı, maşenniklikdir.  Peşəkarlıq yoxdur. Kolleci qurtaranlar çəkə bilmirlər, trikalorun nə olduğunu belə bilmirlər. Kim dərs verib, onun kimi bisavad… Rəssamlıq Akademiyasında keramikanı qurtaranlar keramikanın nə olduğunu bilmirlər. Rəngkarlığı qurtaranlar çəkə bilmirlər. Deyirəm, əlimi atıram çək əlimi, hıqqana-hıqqana, axırda da heç nə, çəkə bilmirlər. Elə yerindən duran fırçanı götürüb, kətanı, rəngləri alıb düşür kətanın üstünə, sonra da tez-tələsik sərgi eləyirlər. Sonra da başlayırlar fəxrlə “mən 10 dənə fərdi sərgi eləmişəm”, istəyirsən 100 dənə elə, sən rəssam deyilsən. Rəssamlıq fəlsəfədir. Akademiya qurtaranlar rəssam deyillər. Bir söz deyim, biz də olan Rəssamlıq Akademiyasından çox yerdə yoxdur, necə gözəl bina veriblər, necə şərait yaradıblar, pul töküblər. Məni nə qədər çağırıblar, dərs verməkdən imtina etmişəm. Çünki istəmirəm”.

 

“Rəssam olmaq üçün tər tökmək lazımdır”

 

“Naturşik sənəti elə belə peşə deyil. Azərbaycanda naturşiklərin pulunu da dövlət verir. Bu əməlli-başlı məktəbdir. Dövlət onlara pul verir, tələbələrsə durub danışıb gülürlər. Mən gəncliyi də başa düşürəm, amma dərs zamanı yox. Əvvəllər bu sistem çox başqa cür idi. Mən özüm dərs verirəm, bu gün tələbələrim özləri xarici ölkələrdə tədris edirlər. Rəssam olmaq üçün ər tökməlisən”.

 

“Yaratmaq üçün emalatxana əsas şərt deyil. O cürlərinə mən onlara anqar da versəm yaratmayacaqlar. Çünki daxilən onlar boşdurlar. Kompozisiya deyilən bir şey yoxdur.  Rəssam böyük hərflərlə yazılası bir peşədir. Rəssamlıq Allahın hədiyyəsidir…”

 

mənbə :
lent.az

Ressam ve heykelteraş Mir Teymur Memmedov: “Ressamlıq Akademiyasında ders vermekden imtina etmişem…”