İçeriğe geçmek için "Enter"a basın

Zərdab və Goranboyda müharibə əlili və şəhid ailələrinə ev verilib

06-11-2015


06.11.2015 / 15:55 xeber –

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son bir ayda 110-dan çox müharibə əlili və şəhid ailəsini mənzillə təmin edib.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirlik tərəfindən 4-ü Zərdab rayonunda, 11-i isə Goranboy rayonunda olmaqla daha 15 yeni fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

 

Fərdi yaşayış evlərinin təqdim olunması tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Elçin İsmayılov, əlil ictimai birliklərinin, həmin rayonların yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Təqdimat tədbirində  son bir ayda bölgələrdə inşası başa çatmış 56 ev, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil istifadəyə verilməklə, ümumilikdə 112 müharibə əlili və şəhid ailəsi yeni mənzillərlə təmin ediliblər.

 

Qeyd edək ki, ölkənin bölgələrində fərdi evlərin inşası və hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilməklə, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında bu təbəqələrdən olan insanlar üçün çoxmənzilli yaşayış binaları da tikilir.

 

mənbə :
lent.az

Zerdab ve Goranboyda müharibe elili ve şehid ailelerine ev verilib