İçeriğe geçmek için "Enter"a basın

Tanınmış televiziya aparıcısı Rafiq Məmmədov: “...Mənə dedilər ki, “niyə qışqırırdın?”

06-11-2015


06.11.2015 / 15:48 xeber –

“Bu gün bizim günümüzdür. 6 noyabr – Azərbaycan televiziyası və radiosu günü münasibətlə bütün həmkarlarımızı təbrik edirəm”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan aparıcı Rafiq Məmmədov deyib.

 

Televiziyaya təsadüfən gəldiyini qeyd edən R.Məmmədov, tamam fərqli sahə üzrə aldığını bildirib: “Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsini bitirmişəm. Televiziyaya gəlişim təsadüfi olub. Atam İctimai kanalın açılışı barədə elanı oxuduqdan sonra məndən xəbərsiz CV-mi ora göndərib. Və zəng gəldi ki, sizi kastinqə dəvət edirik. Bunu zarafat olaraq qəbul etdim. Atam tarixçidir, amma görünür, məni bu sahədə görmək istəyib. Ümumiyyətlə, heç zaman televiziyada çalışmaq barədə fikrim olmayıb. Kastinqə getdim, ilk gün dublyaj üçün uyğun hesab etdilər, amma bir gün sonra ikinci dinləmə zamanı belə qərar verdilər ki, səsim xəbərlər üçün daha uyğundur. Rus dilində təhsil aldığım üçün hətta indiyə qədər Azərbaycan dilində danışanda aksent hiss olunur. Amma televiziya bir neçə dildə fəaliyyət göstərəcəyi üçün məni işə qəbul etdilər. Artıq 10 ildir ki, televiziyada çalışıram”.

 

“Efirə 15 dəqiqə qalmış departament müdiri qəfil içəri girdi və dedi ki…”

 

Rafiq Məmmədov bildirib ki, ilk illərdə kamera qarşısına çıxmağa çətinlik çəksə də, əksər televiziya işçiləri kimi bu mühitə çox tez öyrəşdiyini bildirib: “İlk 2-3 il kameraya qarşı fobiyam olub. Kamera görəndə məni əsmə tuturdu. Amma efir canlı olduğundan, “motor” verilən kimi hər şeyi unudurdum”. Aparıcı ilk efir günü ilə bağlı xatirələrini də bölüşüb: “29 avqust televiziyanın açılışı idi. Efirə həmkarım hazırlaşırdı, mən isə redaktor idim. 18:00-da rus dilində xəbərlər efirdə olmalı idi. Efirə 15 dəqiqə qalmış departament müdiri qəfil içəri girdi və dedi ki, “hazırlaş”. Planlar dəyişmişdi. Həmkarım gecə saat 02.00-da ingilis dilində olacaq buraxılışa çıxdı. Beləcə, 10 dəqiqəyə ölçülərimə uyğun geyim tapıb, efirə çıxdım. Oturan kimi dedilər ki, efirdəsən. Həmin gün xəbərlərdə nə oxuduğumu və necə oxuduğumu xatırlamıram. Efirdən sonra rəhbərlik səviyyəsində toplantı oldu və mənə dedilər ki, “niyə qışqırırdın?”. Vaxtım olanda ilk efirə baxıram”.  

 

Aparıcı Cavid Gül: “Heç zaman televiziyaya gəlmək fikrim olmayıb”

 

Verilişin digər qonağı aparıcı Cavid Gül isə jurnalistikanı bitirdiyini, buna baxmayaraq bu sahəyə o qədər də həvəslə gəlmədiyini deyib: “2000-ci ilə kimi televiziyaya gələnlər həvəsli olublar, amma sonrakı illərdə sanki hamı bu sahəyə təsadüfən gəlib. Ali məktəbə o qədər də yaxşı hazırlaşmamışdım. İngilis dilindən 0 bal topladığım üçün jurnalistika fakültəsinə düşdüm. Fikirləşdim ki, 1-ci kursu bitirəndən sonra başqa fakültəyə keçərəm. Elə ilk il bir neçə KİV-də çalışdım, amma heç həvəsim yoxdur. Sadəcə, 17 yaşım var idi. Press kartım olacaq istəyi ilə bu sahəyə gəldim. Heç zaman televiziyaya gəlmək fikrim olmayıb. Xəbərlərdə çalışmaq istəmirdim. Hətta o zaman rəhbərlik soruşmuşdu ki, “nəyə görə xəbəri oxuyanda gözün qaçır?” Mən də cavab verdim ki, titr qaçır deyə, mən də qaçıram. Sonra məni radioya yolladılar”. 

mənbə :
lent.az

Tanınmış televiziya aparıcısı Rafiq Memmedov: “…Mene dediler ki, “niye qışqırırdın?”