İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan kəndində avro – rubl davası

06-11-2015

13:30 xeber – Yaxın aylarda Azərbaycanda Rusiyaya ixracatın, xüsusilə də meyvə-tərəvəz məhsullarının ixracatının artacağı gözlənilir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ötən illə müqayisədə bu il Azərbaycandan şimal qonşusuna ixaracatın xeyli azalmasına baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi (KTN) təmsilçiləri bu məsələdə çox ümidlidirlər və bu ilin əvvəlində yaşanmış uğursuzluğun aradan qalxacağını düşünürlər.

Gömrük statistikası bu il Rusiyaya ixracatda böyük geriləmə olmasından xəbər verir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin ilk doqquz ayında Azərbaycandan Rusiyaya ixracat 270 milyon 217,66 min dollar təşkil edib. Ötən ilin ilk 9 ayında isə bu göstərici 470 milyon 268,56 min dollar olmuşdu. Yəni azalma 42, 54% təşkil edib. Halbuki, Rusiyadan Azərbaycana idxal həmin müddət ərzində 19,3 faiz artaraq 1 milyard 71 milyon 55,73 min dollara çatıb. Göründüyü kimi, rublun ucuzlaşması açıq-aydın ziyanımıza işləyib.

Son illərdə Rusiyaya ixrac-idxal əməliyyatlarının dinamikası (ilk 9 ay, min dollarla)

Mənbə: Dövlət Gömrük Komitəsi

Rusiya ilə xarici ticarət dövriyyəsi (min dollarla)

Lakin bununla belə, KTN-in icmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə bu azalmanın əsas kənd təsərrüfatı məhsullarının ixracağına dəxli olmadığını bildirir. “Bizdə yalnız Cəlilabadda yetişdirilən faraş kartof ixracatında azalma müşahidə edilib. O da Rusiya devalvasiyasının ilk vaxtlarına düşdü, əhali çaş-baş qaldı. Sonra bazar sabitləşdi və ixracat yenidən qaydaya düşdü. Buna görə də meyvə və tərəvəz ixracatında keçən illə müqayisədə artım müşahidə edilir”,- deyə Firdovsi Fikrətzadə ANS PRESS-ə bildirib.


Firdovsi Fikrətzadə – KTN-in şöbə müdiri

KTN təmsilçisi qarşıdan gələn illərdə Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracatının daha da artacağını düşünür: “İndi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri ilə Rusiyada Azərbaycan mallarının ixracatı üçün loqistik mərkəzlər tikilir. Bu, qarşıdan gələn illərdə şimal qonşumuza ixracağı daha da artıracaq. Biz Rusiyada möhkəmlənməliyik, çünki ənənəvi bazarımızdır”.

Rusiya prezidentinin Azərbaycanla sərmayələrin genişləndirilməsi və qarşılıqlı qorunması barədə bu günlərdə imzaladığı federal qanun da Kremlin bu məsələdə maraqlı olduğunu göstərir. Federal qanun iki ölkə arasında 29 sentyabr 2014-cü il tarixdə Həştərxan şəhərində bağlanmış müqavilələri təsdiq edir. Müqavilələr iki ölkə arasında ticari-iqtisadi əlaqələrin gücləndiriməsi üçün bazanın yaradılmasını nəzərdə tutur.

Lakin İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Vahid Məhərrəmov Azərbaycanın aqrar sektorunun yalnız Rusiyaya istiqamət götürməsini doğru saymır: “Bizim bir sıra ənənəvi ixrac məhsullarımızın Rusiyada daha ucuz alternativləri yaranır. Məsələn, indi Dağıstanda elə istixanalar tikilir ki, hektardan 1200 ton pomidor götürmək olur. Bu, Azərbaycan istixanalarının məhsuldarlığından 4 dəfə yüksəkdir. Bizim məhsullar Rusiyada mövsümi satılır. Məsələn, bizim faraş kartof yalnız aprel-may aylarında satıla bilər. Daha sonra bazarda güclü rəqiblər peyda olur. Xurma və nar məhsullarımız da eləcə”,- deyə Vahid Məhərrəmov ANS PRESS-ə bildirir.

Buna görə, aqrar ekspert düşünür ki, Rusiyada loqistika mərkəzləri tikərək böyük sərmayələr yatırmağa ehtiyac yoxdur. O, Azərbaycan aqrar məhsullarının ixracat istiqamətlərinin şaxələndirməyi düşünür: “Biz Avropa standartlarına uyğun məhsullar yetişdirməyi öyrənməyiliyik. Bu, bizə daha əlverişli və sabit olan Avropa bazarlarına girməyə imkan yaradar. Rusiyada rublun məzənnəsi tez-tez dəyişir, nəticədə mallarımız satılmamış qalır”.


Vahid Məhərrəmov – İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı

Əslində, ölkə üçün hər iki istiqamət çox önəmlidir. Bu məsələdə əsas məqsəd ölkədə kənd təsərrüfatı məhsullarının ildən ilə artırılması olmalıdır. Azərbaycan kəndinin hər iki istiqamətdə yetərincə məhsul ixracı üçün böyük potensialı var. Mərkəzi Aran bölgəsində hələ də 400 min hektar əkin sahəsi itifadəsiz qalmaqdadır. Həmin torpaqların yenidən dövriyyəyə qaytarılması ölkənin aqrar ixrac potensialını dəfələrlə artıra bilər.

Bakının əldən verdiyi pullar

mənbə :
anspress

Azerbaycan kendinde avro – rubl davası