05.11.2015 / 18:49 xeber –
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, turizm şirkəti və KİV nümayəndələrinin iştirakı ilə “Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutunun ilk dayanacağı Çuxur-Qəbələ oldu.
APA TV-nin məlumatına görə, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində yerləşən Qəbələ Arxeoloji Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Mərkəzin sərgi zalında 2013-cü ildə Səlbir ərazisindən tapılan II-III əsrlərə aid qoşa qəbir, o cümlədən müxtəlif dövrlərə aid eksponatlar nümayiş olunur.
Rayon mərkəzindən 20 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayırıcında yerləşən qədim Qəbələ şəhəri mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen və digər mühüm şəhərləri ilə müqayisə olunur. Burada aparılan çoxillik arxeoloji tədqiqatlar nəticəsində antik dövrə aid böyük binaların, qala divarlarının qalıqları, istehsal və sənətkarlıqla bağlı maddi-mədəniyyət abidələri aşkara çıxarılıb. Qoruğun ərazisi 420 hektardır.
1970-1980-ci illərdə Qəbələdə hər il ən azı 4 ekspedisiya işləyirdi. 1990-cı ildən etibarən həmin ekspedisiyaların fəaliyyəti tam dayandırılıb və yalnız 16 illik fasilədən sonra, 2006-ci ildə SEBA Seul-Bakı Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun iki dəstədən ibarət Qəbələ arxeoloji ekspedisiyası yenidən şəhərin antik və orta əsrlərə aid ərazilərində tədqiqatlara başlayıb.
Səlbirin qala divarları özünün qeyri-adi quruluşu ilə digər orta əsr Azərbaycan şəhərlərindən fərqlənib. Bu qala divarları Sasani dövrünə xarakterik olan çiy kərpicdən və yonulmuş çay daşından tikilib.
Tədqiqatlar zamanı əldə olunmuş sikkələr, fayans, farfor və seladon qab nümunələri Qəbələnin XVI-XVII əsrlərdə dünyanın bir sıra ölkələri, o cümlədən İran və Çinlə olan intensiv ticarət əlaqələrindən xəbər verir. Qalanın şimal-qərb hissəsində aparılan kəşfiyyat qazıntısı da uğurlu nəticələr verib. İlk dəfə olaraq Qalanın kiçik qapı yerlərindən biri və onun yanında keşikçi məntəqəsi aşkar edilib. Həmçinin qala qapısının açarı, saxsı borulardan ibarət çoxşaxəli su xətti şəbəkəsi, XII əsrdə istehsal olunan və üzərində döyüşçü-mühafizəçi təsviri olduğu güman edilən şirli kasa, içərisində ərəb əlifbasında "Allahın adı ilə…" kəlam olan və ritual məqsədlər üçün istifadə olunan şirli piyalə, habelə elmi cəhətdən olduqca mühüm əhəmiyyət kəsb edən çoxsaylı digər qiymətli tapıntılar əldə olunub. Qəbələ və onun ətrafından indiyədək bir neçə pul dəfinəsi tapılıb. Onların xeyli hissəsi Sasanilər dövrünə aid olub. Həmçinin Qəbələdə hava limanı tikilən zaman xeyli sayda tapıntılar əldə edilib.
2013-cü ildə Qəbələnin Səlbir ərazisində qazıntılar aparılıb. Həmin qazıntılar zamanı qəbir aşkarlanıb. Qəbirin yaşı 1800-1900 ildir. Eramızın II-III əsrinə aiddir. Qəbirlərdən tapılan sümüklərin birinin qadın birinin kişiyə aiddir, onlar üzbəüz dəf olunub və aralarına qılınc qoyulub. Qəbirlərin başı üstünə 8 ədəd saxsı qab qoyulub içərisindən tapılan çürümüş heyvan sümükləri bu saxsı qabların ölülərlə birlikdə qəbirə basdırılmasını göstərir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqları birgə qazıntı işlərini davam etdirirlər. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. AMEA-nın elmi işçisi Ceyhun Eminli bildirib ki, aşkarlanmış hazırlanmış arxeoloji materiallardan ibarət muzey fəaliyyət göstərir.
Muzeydə və arxeoloji fondda 5 mindən çox eksponat toplanıb. Xüsusi diqqət çəkənlər muzeydə sərgilənir. Muzeydə daş dövründən orta əsrlərə qədər maddi mədəni nümunələr toplanıb.
Rayon ərazisində 90-dan çox tarixi-etnoqrafik maddi mədəniyyət abidəsi qeydə alınaraq mühafizə olunur.
mənbə :
lent.az