22:55 xeber – Sabah prezident İlham Əliyevin Gürcüstana səfəri gözlənilir. İki gün davam edəcək səfər çərçivəsində dövlət başçısının Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri David Usupaşvili və bütün Gürcüstanın Patriaxı 2-ci İlya ilə görüşü gözlənilir.
İlham Əliyevin səfəri Gürcüstanın energetika naziri Kaxa Kaladzenin “Qazprom”la danışıqlarının ortaya çıxdığı bir ərəfəyə təsadüf etdiyindən, müzakirələrdə əsas diqqətin məhz qaz məsələsinə yönələcəyi gözlənilir.
Azadlıq.az xəbər verir ki, ans tv-nin Gürcüstan bürosunun məlumatına görə, İlham Əliyevlə Marqvelaşvili arasında təkbətək və geniş tərkibdə keçiriləcək görüşün ardından prezidentlər mətbuata beyanatla çıxış edəcəklər.
Səfərin ilk günündə İlham Əliyevin gürcü həmkarı ilə birlikdə Marneulidə yerli azərbaycanlılarla da görüşü planlaşdırılıb.
Prezident İlham Əliyevin Tiflis səfəri Qafqazda yeni enerji müharibəsinin getməsilə bağlı xəbərlərin fonunda baş tutur.
Gürcüstanın Energetika Nazirliyi ilə “Qazprom” arasındakı gizli danışıqlar üzə çıxdıqdan sonra gürcü baş nazir Bakıya tələsik səfərində Azərbaycan qazının həcminin dəyişdirilməsilə bağlı heç bir danışıq aparılmadığını dedi. Amma iki ölkə arasında starteji əlaqələrin dərin köklərinin əvvəl də, bu gün də olduğunu söyləsə də, görünür iki ölkə arasında narazılıq yaradan məqamlar qalmaqdadır.
Sabah Gürcüstanın paytaxtında baş tutacaq danışıqların əsas mövzusunun da son zamanlarda təbii qaz məsələsilə bağlı yaranmış müxtəlif səpkili fikirlərə aydınlıq gətirməyin mümkün olacağı deyilir. Mətbuatın yazdığına görə, Gürcüstanın Azərbaycan qazına alternativ axtardıgı bir vaxtda isə rəsmi Bakını bu danışqlarda maraqlandıran əsas məqam Ermənistan faktorudur.
Mətbuatın yazdığına görə, qaz axtarışında olan Gürcüstan İran qazının Ermənistan üzərindən nəqli variantını da nəzərdən keçirir. Bu isə Ermənistanın tranzit imkanlarının artması və təcrid vəziyyətindən çıxmasına kömək edər.
Bir neçə gün öncə Serj Sarkisyanın kilsə açılışı adı ilə Tiflisə elan olunmamış səfərinin pərdəarxası məqamlarının bundan ibarət olduğu bildirilir.
Bu səbəbdən gözlənilir ki, İlham Əliyevin Tiflisdə aparacağı danışıqlarda əsas diqqət məhz Ermənistana neft-qaz tranziti imkanlarının yaradılmasının Bakı üçün nə dərəcədə arzuolunmaz olduğuna yönəldiləcək.
mənbə :
anspress