İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda qiymətlər qalxa bilər

04-11-2015

23:17 xeber – Dünya bazarlarında neftin qiymətinin düşməsi Azərbaycanın da dövlət büdcəsinə təsirsiz ötüşmür. Azərbaycan büdcəsinə daxilolmaların həcmi ötən ilkinə nisbətən azalıb.

Bu baxımdan ölkədə kommunal xərclərin artacağı barədə məlumatlar müzakirə mövzusuna çevirilib. Qiyməti dəyişəcək sosial xidmətlər arasında təbii qaz, su və elektirik enerjisi ön planda ola bilər.

İqtisadi Təşəbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, dövlət büdcəsinin xərcləri nəzərə alınarsa, kommunal tariflərin artırılmasını gözləmək olar.

“Komunal xidmətlər göstərən qurumlara vəsait ayrılmasında problem yaranarsa, tariflərə yenidən baxılması müzakirə oluna bilər. Tarif Şurası kommunal xərclərin qiymətlərini tənzimləyərkən həmin xidmətlərin göstərilməsi qiymətlərinin maya dəyəri, həmçinin həmin kommunal xərclərin artmasının əhalinin sosial vəziyyətinə təsiri nəzərə alınır”.


Azər Mehdiyev – İqtisadi Təşəbüslərə Yardım İctimai Birliyinin sədri

A.Mehdiyev qeyd etdi ki, kommunal xərclərin indiki səviyyədə saxlanılması üçün xidmət göstərən qurumlarda ilk növbədə şəffaflıq təmin olunmalıdır.

“Kommunal sektora böyük xərclər çəkilir. Qiymət artımına mane olmaq üçün xərclərin azaldılması məqsədə uyğundur. Əgər şəffaflıq yaranarsa və xərclər azaldılarsa o zaman kommunal xidmətlər ucuz başa gələr. İndiki halda isə qurumların şəxsi istəkləri üzərinə qiymətlər arta bilər. Amma bundan əvvəl şəffaflığın artırılması vacibdir”.

Cəmiyyətdə qiymətlərin artacağı barədə xəbərlər yayılsa da dövlət qurumları narahatlığa əsas görmür.

Energetika nazirinin müavini Natiq Abbasov bu gün mətbuata açıqlamasında Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılması məsələsinə baxılmadığını bildirib.

“Enerjiyə tələbatın artması labüddür. Tarifin dəyişilməsi barədə heç bir müzakirə aparılmır. Alternativ enerjiyə gəlincə, razıyam ki, alternativ enerjinin istehsalı baha başa gəlir. Hazırda onun tarifi 4,5 qəpikdir. Onun da qiymətinin dəyişdirilməsi ilə bağlı heç bir müzakirələr aparılmayıb”, – deyə nazir müavini bildirib.


Natiq Abbasov – Energetika nazirinin müavini

Hazırda Azərbaycanda istehlakçılar təbii qazın 10 kub metrinə 1 manat, suyun 1 kub metrinə 0,30 manat, elektrik enerjisinin 1 KVT/saat ərzində 0,06 manat ödəyir.

Dünyanın bir çox dövlətləri artıq ənənəvi enerji mənbələrindən imtina etməyə başlayıb. Dövlətlər əsasən baha başa gələn, amma əhali üçün çox sərfəli olan alternativ enerji mənbələrindən istifadə etməyə başlayıb. Azərbaycanda da bu sahəyə diqqət ayrılsa da alternativ enerjidən hələ kütləvi istifadə ilə bağlı qərarlar qəbul edilməyib.


Külək enerjisi istehsal edən stansiya

Ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ , Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr qabaqcıl mövqe tuturlar.

BMT-nin hesabatına əsasən, 2008-ci ildə dünyada alternativ enerji mənbələrinə 140 mlrd. dollar pul xərclənib. Dünya üzrə ümumilikdə külək enerjisindən istifadəyə 51.8 mlrd., Günəş enerjisindən istifadəyə 33.5 mlrd., bio-yanacaqdan istifadəyə isə 16.9 mlrd. dollar vəsait xərclənib. Avropa ölkələri 2008-ci ildə alternativ enerjiyə 50 mlrd., ABŞ 30 mlrd., Çin 15.6 mlrd., Hindistan isə 4.1 mlrd. dollar vəsait sərf edib.

Azərbaycanda da bu sahənin inkişafı neftin dünya bazarında düşdüyü bir vaxtda labüd məsələlərdəndir. Bu həm əhaliyə daha keyfiyyətli enerjinin çatdırılmasına, həm də ekaloji vəziyyətin yaxşılaşmasına səbəb ola bilər. Digər tərəfdən isə alternativ enerji mənbələrindən istifadə kommunal xərclərin aşağı düşməsi ilə nəticələnə bilər. Bu isə Azərbaycandan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına və ölkədə srateji məhsulların ucuzlaşması ilə nəticələnər.

mənbə :
anspress

Azerbaycanda qiymetler qalxa biler