İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan müxalifətinə seks dərsliyi

04-11-2015

20:05 xeber – Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun dünən “modern.az” saytına verdiyi müsahibəni 2015-ci il parlament seçkiləri dövründə müxalifət düşərgəsində baş vermiş ən yadda qalan hadisə saymaq olar.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sözügedən müsahibədə Sərdar Cəlaloğlu ölkədə baş verən proseslərdən yox, axirət dünyasındakı qadınların fizioloji quruluşu barədə olub. ADP lideri müsahibəsində cənnətdəki qadınların cinsiyyət orqanı olmayacağını iddia edib: “Buyurulur ki, bu, əbədi bakirə olacaq. Yəni əbədi bakirənin bir orqan kimi qızlığı yoxdur. “Quran”da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur. Allah buyurur ki, cənnətdəki həmin varlıq adi həyatda bir qadının kişiyə verdiyi zövqdən də yüksək bir həzz yaşadacaq”.


Sərdar Cəlaloğlu – ADP sədri

Beləliklə, ADP sədri “Qurani-Kərim”in “Vaqaiə” sürəsinin 35-37-ci ayələrində yer alan cümləni özü bildiyi kimi hərh etməyə çalışıb və əsas məzmunu xeyli təhrif edib. Aylərdə deyilir: “Şübhəsiz ki, Biz onları başqa cür yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik”.

Ayələrin məzmunu yetərincə aydın olsa da, adətən, ilahiyyatçılar bu sözləri şərh etməyə çəkinirlər və siyasətçilərin bu cür ziddiyyətli bəyanatlar verməsini anlamadıqlarını bildirirlər. “İnşallah, Allah cənnəti nəsib edər, nə olacağını gedib görərik. Yoxsa, bu məsələlər barədə danışmağa dəyməz”,- deyə “Karvan” jurnalının şef-redaktoru İsmayıl Əhmədov ANS PRESS-ə bildirib.


İsmayıl Əhmədov – “Karvan” jurnalının şef-redaktoru

Əslində, Sərdar Cəlaloğlu bu cür ziddiyyətli açıqlamaları ilə tez-tez gündəmə gəlir. Məsələn, heç bir yerdə işləməyən paritya lideri bir neçə il əvvəl ANS PRESS-ə verdiyi müsahibəsində ADP-nin qəribə maliyyələşdirmə sxemindən bəhs etmişdi: “Övladlarım qərbdə təhsil alırlar. Onlar dərsdən sonra restoranda qabyuyan işləyirlər. Aldıqları pulla həm təhsil haqqını ödəyirlər, həm özləri dolanırlar, həm də ADP-ni maliyyələşdirirlər”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bu cür ziddiyətli davranışın bütün Azərbaycan müxalifətinə aid olduğunu bildirir. Politoloq fikrini əsaslandırmaq üçün müxalifətin 2015-ci il parlament seçkilərini boykot etməsini göstərib.

“Seçkiləri udub-udmayacağından asılı olmayaraq, müxalifət parlament seçkilərinə getməli idi. Bu, əhalinin siyasi fəallığının artırılmasına yardım edər. Müxalifət kütlələrin içərisinə daxil olub onların istək və gözləntilərini öyrənməli idi. Müxalifət əhalini seçkilərə cəlb etməyə çalışmalı idi. Bu, hakim partiya üzərində demokratik nəzarəti də gücləndirə bilərdi”,- deyə politoloq ANS PRESS-ə bildirib.

Qabil Hüseynlinin fikrincə, doğru seçilmiş strategiya Azərbaycan müxalifətinə parlamentdə əhəmiyyətli dərəcədə səs toplamağa imkan verərdi: “Demirəm ki, siyasi müxalifət parlamentdə paritetə yaxınlaşa bilərdi, amma bu, siyasi balansı xeyli dəyişərdi. Siyasi müxalifət bəri başdan ağ bayaraq qaldırdı, qələbəni hakim partiya YAP-a və bitərəflərə verdi”.


Qabil Hüseynli – sabiq dövlət müşaviri

Əslində, beynəlxalq təcrübə göstərir ki, AXCP və Müsavat kimi nə vaxtsa hakimiyyətdə olmuş siyasi partiyalar nə qədər zəifləsələr də, uzun müddətli siyasi mübarizədən sonra yenə də demokratik yolla hakimiyyətə qayıda bilirlər. Məsələn, ABŞ Demokratlar Partiyası 1861-ci ildə başlamış vətəndaş müharibəsindən sonra 50 il seçkilərdə uduzublar və hakimiyyətə gələ bilməyiblər. Demokratlar seçkiləri yalnız 1912-ci ildə uda biliblər. Bu müddət ərzində demokratlar heç zaman mübarizədən geri çəkilməyiblər, parlamentdə mümkün qədər çox yer əldə etməyə çalışıblar. Amma daha sonra bu partiyanın Vudro Vilson. Franklin Ruzvelt, Con Kennedi kimi parlaq nümayəndələri ABŞ prezidenti kimi adlarını dünya tarixinə yazdırıblar.

Təəssüf ki, bunu son 10 ilin Azərbaycan müxalifəti barədə demək mümkün deyil. Bu illər ərzində müxalifət bəzən qazandığı qələbələrdən belə imtina edib. Məsələn, 2005-ci il parlament seçkilərində qələbə çalmış müxalifət təmsilçiləri Lalə Şövkət və Mirmahmud Mirəlioğlu mandatdan imtina etdilər. Nəticədə, onlara səs vermiş seçicilərin müxalifətə bağladığı böyük ümidlər puça çıxdı.

Qabil Hüseynli siyasi müxalifətin ildən ilə gücün itirərək cılızlaşmasını bir neçə səbəblə izah edir. Onun fikrincə, əsas problem siyasi liderlərin bir araya gələ bilməməsindən qaynaqlanır: “İdeoloji ayrılıq olmasa da, siyasi liderlərin iddiaları müxalifəti bir araya gəlməyə qoymur”.

İkinci problem isə müxalifət düşərcəsində lider kasadlığı ilə bağlıdır: “Mərhum Əbülfəz Elçibəy özündən sonra bir neçə populyar siyasi lider qoyub getdi. Əli Kərimli, İsa Qəmbər, Etibar Məmmədov onun yetirmələridir. Amma çox təəssüf ki, bu siyasətçilər özlərinə varis yetişdirə bilmədilər. İndi meydan boşdur”.


Müxalifət liderləri Əli Kərimli və İsa Qəmbər Əbülfəz Elçibəyin məzarı üstündə

Boşalan meydanı doldurmaq istəyənlər isə çox olur. Adətən, boş yerləri ölkəni gələcəyi üçün təhlükəli qüvvələr tutur. Azərbaycan üçün bu təhlükə radikal cərəyanlardan qaynaqlanır. Təsadüfi deyil ki, Yaxın Şərqin ən qanlı tarixinə imza atmış İŞİD terror təşkilatı potensial “sərhədləri” daxilinə Azərbaycanı da salıb. Bu məqamı təkcə müxalifət deyil, hakimiyyət təmsilçiləri də diqqətdə saxlamalıdır. Hakimiyyət sivil müxalifəti gücləndirməlidir ki, onun yerini radikallar tutmağa çalışmasın.

MTN-nin gizli rəhbəri

mənbə :
anspress

Azerbaycan müxalifetine seks dersliyi