İçeriğe geçmek için "Enter"a basın

Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub

29-05-2020

[r32]

29 May, 2020  10:14 xeber –

Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 102 illiyinə həsr edilən beynəlxalq videokonfrans keçirilib.

Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, muzeyin direktoru Rafael Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, tanınmış diplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov, Azərbaycan Xalq Cumhuriyyətinin varisləri – Xalq artisti, maestro Ramiz Məlikaslanov (AXC-nin yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi), Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri (AXC-nin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi), İlhami Asgeran (Gəncə Şəhər Dumasının üzvü Ələkbər Rəfibəylinin qohumu), Yaqut Abdullayeva (Azərbaycanın dövlət himninin sözlərinin müəllifi, şair Əhməd Cavadın nəvəsi), Gürcüstandakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, ABŞ-dan yayımlanan GünAZ TV-nin prezidenti Əhməd Obalı, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri Yaşar Musayev, Rusiya Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov, Azərbaycan Diaspor Gənclərinin Türkiyə üzrə koordinatoru İlteriş Taşkınsu iştirak ediblər.

F.Muradov 102 il öncə xalqımızın tarixində baş vermiş bu böyük hadisə münasibətilə hər bir azərbaycanlını təbrik edib. Şərqdə ilk dünyəvi və demokratik dövlətin Azərbaycanda qurulmasının əhəmiyyətindən, 1991-ci ildə bərqərar etdiyimiz dövlət müstəqilliyimizin dönməz və əbədi olmasından danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar, o cümlədən Cümhuriyyət varisləri dünyada Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Görkəmli dövlət xadimi Heydər Əliyevin daim Cümhuriyyət tarixinə, onun qurucularına və varislərinə böyük önəm verdiyini xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının sərəncamı əsasında Bakı şəhərinin mərkəzində abidənin ucaldılması ilə cümhuriyyət qurucularının adlarının əbədiləşdirildiyi, AXC-nin 100 illiyi münasibətilə ölkədə “Cümhuriyyət ili” elan edilməsi, bu yubileylə bağlı təsis edilən medalın cümhuriyyət varislərinə təqdim olunması, 2018-ci ildə ölkəmizdə və xaricdə AXC-nin yubileyinin təntənəli şəkildə qeyd olunması bir daha yada salınıb. Bütün bunların dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğu nəzərə çatdırılıb.

Sonra tədbirin moderatoru, AXC-nin tədqiqatçılarından biri, həmin tarixi dövrlə bağlı dərin biliyə malik olan, Cümhuriyyət qurucularının onlarla varisi ilə şəxsi ünsiyyətdə olmuş Rafael Hüseynov 1918-1920-ci illərə tarixi ekskurs edib. O, bildirib ki, AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 

R.Hüseynov Cümhuriyyət qurucuları, onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyətləri barədə ətraflı məlumat verib.



mənbə :
Report.az

Cumhuriyyet varislerinin istiraki ile beynelxalq videokonfrans teskil olunub