14:20 xeber – Gürcüstanın energetika naziri Kaxa Kaladzenin İrana səfəri planlaşdırılır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, səfərin əsas məqsədi isə İrandan qaz alışının nə dərəcə mümkün olacağı barədə müzakirə aparmaqdır. Gürcüstan höküməti inadla təkrar edirlər ki, bu qış ölkə əhalisinin istiliklə bağlı problemi olmayacaq.
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili bildirib ki, ölkəyə təbii qazın çatdırılma istiqamətləri yenidən gözdən keçirilməlidir. Ölkə hakimiyyətinin qərarlarına təsir gücünə malik İvanişvili SOCAR-ın ölkədəki fəaliyyətini genişləndirməsindən narahatlığını açıq şəkildə bəyan edib. Elə bu məqsədlədə yeni alternativ axtardıqlarını deyirlər.
“Bu gün Rusiya qazı ilə bütün Avropa təchiz edilir. Gürcüstanın da bu ölkədən qaz alması cinayət deyil. Azərbaycan qazının ucuzluğunu soruşursuz. Biznesmen ağılsız deyil ki, bir yerdən ucuz qiymətə aldığı qazı qoyub başqasına daha çox ödəməklə qaz əldə etsin. Azərbaycan tərəfinə minnətdarıq, amma ölkədə bir şirkətin monopolist olmaması üçün müxtəlif şirkətlərin cəlb edilməsi vacibdir”,-deyə İvanişvili bildirib.
Gürcüstan rəsmiləri gah deyir Azərbaycanın qazı yoxdur, gah da bildirirlər ki, SOCAR-ın ölkənin qaz bazarına təkbaşına təsir etməsindən narahatdırlar. İndi isə Gürcüstanın və Ermənistanın energetika nazirləri İrandan elektrik enerjisinin idxalı məsələsini müzakirə edirlər. Azərbaycan isə Gürcüstana həm qaz , həm də elektirik enerjisi ixrac edən dövlətdir. Amma hazırda baş verənlər müəyyən qüvvələrin Azərbaycanı bu imkanlardan məhrum etmək istəyini ortaya qoyur.
Hazırda Rusiyanın, Gürcüstanın, İranın və Azərbaycanın ərazilərini işğal edən Ermənistanın iş birliyi, Rusiya qazının İran körfəzinə çıxarılması, İran qazının isə Ermənistana oradan da Avropaya ixracı məsələləri gündəmdədir. Bütün bu layihələrin mərkəzində Gürcüstan və Ermənistan, kənarında isə Azərbaycan dayanır. Çünki yeni müzakirə olunan kəmərin Rusiya – Gürcüstan – Ermənistan – İran ərazisindən keçməsi nəzərdə tutulur.
Nəzərdə tutulan Rusiya – Gürcüstan – Ermənistan – İran qaz kəməri
Milli Məclisin Təhlükəzlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc ANS PRESS-ə açıqlamasında bildirdi ki, Rusiya, Gürcüstan, Ermənistan və İranın birgə layihələr ətrafında işbirliyi regionda yeni siyasi ittifaqın yaradılması üçün addımların atılması deməkdir.
“Qərb dövlətlərinin İrana tətbiq etdiyi sanksiyalar nəticəsində ölkə yalnız Asiya dövlətləri ilə iqtisadi əlaqələr həyata keçirirdi. Amma indi sanksiyalar götürülür və İran açıq şəkildə dünya bazarına enerji ehtiyatlarını çıxarmağa başlayır. Sanksiyalara baxmayaraq İran Ermənistanla qaz layihələri həyata keçirdi. İndi isə yeni layihələr gündəmdədir ki, bu regionda siyasi iş birliyini ortaya çıxarır”.
Zahid Oruc – Millət vəkili
Zahid Orucun sözlərinə görə, İran hazırda bölgədə özünün maraqlarına uyğun siyasi mühit yaratmaq istəyir. “İranın qaz ehtiyatları Gürcüstanı və Ermənistanı onunla daha da yaxınlaşmağa sövq edir. Ermənistan isə böyük səylə İranın regionda iqtisadi mövqelərini gücləndirməsinə kömək etmək istəyir ki, Azərbaycanla İran arasında münasibətlər pozulsun”,-deyə millət vəkili bildirdi.
Baş verən hadisələrin regionun ən böyük enerji ixracatçılarında biri olan Azərbaycana təsirinə gəlincə, Zahid Oruc bildirdi ki, ölkəmizin regionda həyata keçirilən enerji layihələrindən kənarda qalması real görünmür. “Azərbaycan indiyə qədər Qərb dövlətləri ilə bir çox enerji layihələri həyata keçirib. Xəzər dənizinin statusunun müəyyən edilmədiyi bir dövrdə Azərbaycanın bu layihələri həyata keçirməsi böyük uğur idi.
Elə bu layihələr həyata keçirildiyi vaxtlarda Azərbaycan Gürcüstan ərazisində böyük neft və qaz terminalları tikdi. Belə bir infrastrukturun olması Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirir ki, regionda həyata keçiriləcək layihələrə təsir edə bilsin”.
Azərbaycanın regionda həyata keçirdiyi enerji layihələri
Noyabrın 6-da prezident İlham Əliyevin Gürcüstana səfər edəcəyinə toxunan millət vəkili bu ziyarətin regionda baş verən hadisələr fonundan Azərbaycanın mövqeyinə müsbət təsir göstərə biləcəyini deyir.
Amma hazırda regionda baş verənlərin Azərbaycanın torpaqlarını uzun illərdir işğal altında saxlayan Ermənistanın xeyrinə cərəyan etdiyini ortaya qoyur. Çünki İranın sanksiyalardan azad olması onun özündən çox Ermənistanı sevindirir. Çünki İranın Avropaya çıxışında Ermənistanın üstün mövqeyə malik ola bilər.
Qərb dövlərlərinin isə Rusiya və Çini çökdürmək planları üzərində “baş sındırdığı” üçün İranın regionda güclənməsinə o qədər də təsir etməyə vaxtı yoxdur. Vaxtı ilə Azərbaycanı İranla əməkdaşlığı dayandırmağa təhrik edən qüvvələr indi İranın güclənməsinə susur. Rusiyanın dərdi isə İrandan istifadə etməklə öz qazını İran körfəzinə çıxarmaqdır. Hazırda baş verənlər bu layihədə də Ermənistanın qazanacağını göstərir. Çünki yeni kəmərin Ermənistan ərazisindən keçməsi nəzərdə tutulur.
mənbə :
anspress